Xəbər lenti

Masallı sakinləri 3 gündür ZÜLMƏTDƏ
Ölkə 23:30 07.02.2014

Masallı sakinləri 3 gündür ZÜLMƏTDƏ

Rayonun Hacıtəpə və daha bir neçə kəndi qışın oğlan çağı qaranlığa qərq olub 

Masallı rayonunun Hacıtəpə və daha bir neçə kəndi artıq 2 gündür işıqsız qalıb. Bu barədə Qaynar.info-ya Müsavat Partiyasının Masallı rayon təşkilatının sədr müavini, kənd sakini Rüfət Baxışbəyli məlumat verib.

O bildirib ki, əvvəl kəndin işığını kəsmişdilər, amma bir neçə saatdır yarısını tam işıqsız qoyublar: "İşığın kəsilməsinə səbəb isə transformatorun sıradan çıxmasıdır. Bu transformator keçən əsrin 70-ci illərindən qalıb. 78 ev hazırda işıqsızdır. Nuh əyyamından qalan transformatoru gözümüzü açandan təmir edirlər, amma bir dəfə də olsun yeniləməyiblər. Elə buna görə də, qış olan kimi, üzərinə daha çox yük düşdüyündən sıradan çıxır".

Rüfət Baxışbəyli qeyd edib ki, hər dəfə xarab olduqda, transformatoru öz hesablarına təmir etdirib, bir təhər işlədirlər: "Daha bezmişik. Cənubi Qafqazın ən inkişaf etmiş hesab etdikləri bir ölkədə gündəlik xərclərindən daha ucuz olan bir avadanlığı yeniləyə bilmirlər. Köhnə transformatorlarun özünün yükü azmış kimi, kəndə göndərdikləri işıq pulu yığanları da abonentlərin bəziləri ilə "anlaşaraq", onlara sayğacdankənar xətt çəkməyə şərait yaradırlar. Bu da artıq yüklənməyə və yanıq-ütük transformatorun sıradan çıxmasına səbəb olur".

Hacıtəpə kənd sakini kimə şikayət edəcəklərini də bilmir. Çünki dəfələrlə yarımstansiyanın mühəndisi ilə danışdıqları halda, əlac qılınmadığını bildirir. "Yarımstansiyanın elektrik mühəndisinə zəng vurursan, deyir ki, gəlib söküb apararıq, sonra camaatla oturub məsləhətləşərik, görək nə edirik. Baxın 3 gündür kəndin işıqlarını kəsiblər. Bu gün məlum olub ki, mənim də abonent olduğum 78 evə xidmət göstərən transformator yanıb. Hər dəfə bizim hesabımıza təmir edirlər, 1-2 il işləyir, yenə yanır. Elektrik dirəkləri isə lap Lenindən qalmadı. Bu gün yarımstansiya nəzarətçisinə zəng vurmuşam, deyir istirahət günləridi, bazar ertəsi gəlib apararıq, sonra da kənd camaatı ilə məsləhətləşirik görək nə edirik. Yəni əvvəlki vaxtlarda olduğu kimi camaatdan pul yığıb birtəhər-bir cür edərlər. Sonra Azərenerjinin qaynar xəttinə zəng vurdum, 20 dəqiqə sonra icra nümayəndəsi gəlib baxıb. Yenə bir nəticə yoxdur".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->