Xəbər lenti

Maşını şirkət tərəfindən əlindən alınan yaralı əsgər Prezidentə müraciət etdi (VİDEO)
Ölkə 16:23 26.11.2020

Maşını şirkət tərəfindən əlindən alınan yaralı əsgər Prezidentə müraciət etdi (VİDEO)

İki aydır kreditini ödəyə bilməyən vətən müharibəsi iştirakçısının avtomobili əlindən alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə avtomobili əlindən alınan Anar Məmmədovun özü videomüraciət edib. O bildirib ki, "AZƏRMAŞ" ASC bu səbəbdən "Xəzər” markalı avtomobilini onun yaşadığı evin həyətindən aparıb:

"Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq, bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. "AZƏRMAŞ" ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən "AZƏRMAŞ" ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəm. Buna baxmayaraq, avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş Komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım”.

"AZƏRMAS” ASC-in Problemli Şöbənin müdiri Ramin Məmişov isə Qaynarinfo-ya bildirib ki, Anar Məmmədov avtomobili idarə etdiyi zaman Bakı şəhər Yol Polisi tərəfindən saxlanılıb:

"Ona avtomobili sənədsiz idarə etdiyinə görə protokol tərtib edilib. Etibarnaməsiz idarə etdiyinə görə avtomobil duracağa aparılıb. Qarabağ məsələsi də bəzi insanlar üçün yalandan ifadə vermək olub. Bundan istifadə etmək lazım deyil. Desin ki, avtomobilimı DYP saxlayıb”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->