Vüsal Bağırlı
Ölkə 18:21 27.02.2020

Maskalanmış insanlar....

Aptekə girər-girməz etil spirti, nanə və mayaotunun spesifik iyi burnuma doldu. Üzərinə müxtəlif dərman preparatları düzülmüş şüşə vitrinə yaxınlaşdım. İçəri xəstəxanaların əməliyyat otağını xatırladırdı. Hamı maskalı, rezin əlcəkli, qaşqabaqlı. Baxışlarda süni ciddilik tonu.

Kassada əyləşmiş orta yaşlı qadın, ayaq üstə farağat dayanmış arıq satıcı qızı dümsüklədi:

Az de ki, yoxdur, qurtarıb.

Qız tərəddüdlə üzümə baxdı:

Müəllim istədiyinizdən yoxdu e?!

Mən təəccüblə: - Axı bir söz deməmişəm, siz nəyi nəzərdə tutdunuz? Mənə yalnız valokordin lazımdır. – dedim.

Hə, bu dəqiqə. Gözləyin. İstifadə qaydasını bilirsiniz? Azacıq suya iyirmi damcı dərman əlavə edib için, vəssalam.

Təşəkkür edirəm.

Dərmanı alıb çıxarkən, arxadan az qala pıçıltı ilə deyilənləri eşitdim.

Müəllim var, sizin üçün təşkil edə bilərik. Amma, bir kəsə deməyin a.

Eyni sualı yenə təkrarlamalı oldum:

Nəyi nəzərdə tutursunuz?

Respirator, amma, biri 40 qəpiyədir. Baxın a, sonra tapa bilməyəcəksiniz.

İşçilərin marketinq bacarığı və düşdüyüm psixoloji təşviş təsir etdi. Dörd manat verib 10 dənə qoruyucu maska aldım və sağollaşıb çıxarkən, eyni anda içəri girən oğlanın dediyi sözü də eşitdim.

Xanım qırılıb-batırıq. Təcili maska lazımdır, üz maskası. Respirator ver, öz də külli miqdarda...

Bəli, getdikcə daha çox adam maskalanır. Sözün məcazı mənasını nəzərdə tutmuram, elə həqiqətən. Onlar cürbəcürdür: maskalar, respiratorlar, tənzif qoruyucular. Rezinlə qulağa keçiriləni, iplə bağlananı var. Dəbə və istəyə görə rəngləri də müxtəlifdir: ağ, qara, mavi, hətta deyilənə görə qırmızısı da olur. 

Qəribəsi odur ki, küçədə, nəqliyyatda, digər ictimai yerlərdə bu maskalardan taxmış hər hansı adam, digər maska taxmış adama potensial təhlükə mənbəyi, yoluxucu virus, bakteriya, infeksiya ocağı kimi baxır.

Səhər metroda gəlirəm. Bir kimsə cınqırını çıxarmır. Salon dərin səssizliyə, ağır sükuta qərq olmuşdur. Hamı sanki, narahat fikir, üzücü düşüncə içindədir. Başqa vaxt, tələbə gənclərin qulaqcıqlarından bayıra fışqıran "dup-dıs-dup-dıs” ritmi də eşidilmir. 

İndi, hünərin var burada öskür-asqır. Bir andaca nifrət mərkəzinə çevrilirsən. Hiddət dolu baxışlar, bıçaq kimi kəsən iti nəzərlər, qəzəb dolu gözlər bir ox olub sənə sancılır.

Yanımda, yəni sağ tərəfimdə dayanmış orta yaşlı kişini qəfil öskürək tutdu. Zavallı insan içini tutub sıxsa da, özünü var gücü ilə saxlamağa çalışsa da, öskürək və qıcıq kəskin müqavimətə rast gəldiyindən, daha da aqressivləşir, vulkan kimi püskürərək, şiddətlə bayıra püskürməyə can atırdı. Özü də vəhşi bir istəklə.

Kişi orqanizmini gərdi, sıxdı və sinədən sel kimi gələn hava təzyiqinə tab gətirə bilmədi, öskürdü, öskürdü. Nəhayət, dayanıb nəfəsini dərdi, yaşarmış gözlərini sildi.

Birdən, ətrafına göz gəzdirdi ki, hamı ona un kisəsində siçan görən dəyirmançı nəzəriylə baxır.

Vüsal Bağırlı