Vüsal Bağırlı
Ölkə 13:13 28.07.2020

Mauqli və asfalt üzərindəki qarpızlar...

Vüsal Bağırlı

Səhər balaca Nurxanla Mauqli cizgi filminə baxırdıq. Yeni, inqilabi virtual və vizual effektlərlə, super müasir kompüter texnologiyası ilə çəkilmiş film canavarı, ayını, meymunu dil açıb danışdıracaq qədər canlı, heyvanları insan kimi şüurlu hərəkətlər etdirəcək qədər effektiv idi.

Filmdə bir epizod var: Mauqli cəngəlliyin ortasında,  günəş şüalarının güclə vardığı yarıqaranlıq, sirli bir guşəsində tək-tənha qalmışdır. Hər tərəf qeyri-adi, mübhəm və vahiməli səssizliyə qərq olmuşdur. Nə yarpaq tərpənir, nə quş-heyvan səsi duyulur. 

Mauqli təşviş və heyrət içərisində ətrafa boylanır. O, kiçicik hərəkət, cüzi hənir sezməyə ümid edir. Lakin lal səssizlik və sükunətdən savayı heç nə nəzərə çarpmır.

Birdən əyrim-üyrüm ağacların, qıvrım sarmaşıqların arasından kölgə kimi bir şey keçir. Əcaib, xoşagəlməz, məşum varlıq sürünərək Mauqliyə yaxınlaşmağa başlayır. Mauqli isə tam əks tərəfə baxır və arxadan gələn nəhəng ilanı görmür. 

Bu dəm, qeyri-ixtiyari olaraq gözlərim Nurxana sataşdı. O, başını aşağı əyərək, büzüşmüşdü, yumağa dönmüşdü. Titrəyirdi. O, üzündəki təşviş, qorxu dolu ifadə ilə ekrana tərəf baxmamağa çalışırdı. Bu zaman, onun dodaqları tərpənərək mənim eşitmədiyim pıçıltı ilə nəsə söyləyirdi. Tez Nurxana yaxınlaşdım və dediklərini güclə eşidə bildim.

Ata baxmaq istəmirəm, olar başqa kanala çevirəsən?

Pultu jurnal stolunun üzərindən qapıb, cəld kanalı dəyişdim.

Sonra, düşündüm ki, uşaqları televizor ekranına etibar edərkən maksimim dərəcədə diqqətli olmalıyıq. Çünki, bizə zərərsiz, ziyansız görünən uşaq proqramlarında, cizgi filmlərində belə, həmin uşağın yaşına, psixoloji durumuna, dünyagörüşünə uyğun gəlməyən, ona zərər vura bilən kadrlar ola bilər. 

***

Keçən həftə xəbər saytlarına nəzər yetirərkən, bir məlumat diqqətimi cəlb etdi. Məlumatın nisbətən xoşagəlməz xarakteri öz yerində (istənilən halda, qəza baş vermişdir), lakin onun məna çaları, məzmunu saytın şaquli xəbər sütunundakı digər çoxsaylı ölüm, qətl, intihar, virus, epidemiya kimi mənfi yüklü  informasiyalardın fonunda fərqli xarakter daşıyırdı. Mən həmin yazını oxudum və onu öz fikirlərimlə uyğunlaşdıraraq, nikbin və məzəli çalarla yenidən qələmə aldım:

”Bakı-Qazax avtomagsitralının Goranboy rayonuna aid hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş vermişdir. Qəza nəticəsində yük yeri təzə-tər bostan qarpızları ilə ağız-bığız, təpətıx doldurulmuş "Qazel” markalı avtomobil, qarşıdan gələn yük maşını ilə toqquşmuşdur. 

Nəticədə, nəticədə hər iki sürücünün burnu da qanamamış, lakin, nə az, nə çox, düz üç ton qarpız asfalta, yolkənarı qrunta, dərədə bitən yulğun kollarının arasına, çölü-biyabana diyirlənmiş, ətraf mühitə səpələnmişdir. Bəzi qarpızlar ağır xəsarət alaraq ortadan paralanmış, bəzilərinin dərin yarası bütün asfaltı al-qırmızıya boyamışdır.

Həlak olan qarpızlar, yerindəcə yol polisi əməkdaşları tərəfindən həzmi-rabedən keçirilmişdir və bununla əlaqədar müvafiq protokol aktı tərtib olunmuşdur. Yaralı qarpızların təcili surətdə Goranboy rayonunun mərkəzi bazarına çatdırılması üçün əlavə tədbirlər davam etdirilir. Nisbətən  yüngül yaralıların vəziyyəti kifayət qədər qənaətbəxşdir və təkrar istehlak üçün bazar piştaxtalarına təhvil verilmişlər.”

Ümidvaram bəyəndiniz.