Xəbər lenti

Foto 16:01 09.02.2018

"Məcburi əmək və insan alverinin qarşısının alınması" (FOTOLAR)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə keçirilən növbəti seminar "Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna həsr olunub.

Qaynarinfo xəbərə verir ki, xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə xidməti ərazisində fəaliyyət göstərən ayrı-ayrı işə götürənlərin iştirakı ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu vurğulayıb. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının "Mәcburi әmәk һaqqında” 29 saylı Konvensiyasına qoşulduğu, bu sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. 

Araz Bayramzadə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini tapıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində deyilir: "Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.

Bununla belə, Məcəllədə yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verildiyi qeyd olunur.

Seminarda məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən də bəhs olunub. Məcburi əməyin insanların istismarının bir forması olduğu, insan alverinin də çox zaman məcburi işlərə cəlb etmək, istismara məruz qoymaq məqsədi daşıdığı bildirilib. Həmçinin məcburi əməyin qarşısının alınması yönündə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyası, zəruri yardımlarla təmin edilmələri yönündə görülən işlər diqqətə çatdırılıb. 

Seminarda tədbir iştirakçılarının sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->