Mədəniyyət Nazirliyinin “Etnik Gələcəyi” - Vergi borcu olan şirkətlə qanunsuz sövdələşmə

Mədəniyyət Nazirliyinin “Etnik Gələcəyi” - Vergi borcu olan şirkətlə qanunsuz sövdələşmə

Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Etnik Gələcək-2021” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 78 926.07 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Etnik Gələcək-2021” MMC 22 dekabr 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 9-cu mikrorayon, ev 6, mənzil 37-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əbilov Qabil İslam oğludur. 

"Etnik Gələcək-2021” MMC yeni yaranan şirkət olsa da, artıq 6 satınalma müsabiqəsinin qalibi olub. Bir il ərzində MMC Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 72 603.04, M.F.Axundov adına Milli Kitabxana ilə 116 572.4, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə 124 023.9,  Ağdaş Mədəniyyət İdarəsi ilə 92 028.08 və Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsi ilə 59 781.87 manatlıq satınalma müqaviləsi imzalayıb. 

Beləliklə, Mədəniyyət Nazirliyinin Gəncə Regional İdarəsi də daxil olmaqla bu qurumlardan şirkətə toplam olaraq 543 935.36 AZN vəsait daxil olub. 

"Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı mümkün deyil. "Etnik Gələcək-2021” MMC-nin isə bu günə olan vergi borcu 599.26 AZN təşkil edir.
 


Bundan başqa, sözügedən qanuna görə satınalma müsabiqələrində iştirak üçün peşəkarlıq və iş təcrübəsi gərəkdir. "Etnik Gələcək-2021” MMC-nin yaranmasının üzərindən isə heç bir il keçməyib. 

Bir məqamı da qeyd edək ki, "Etnik Gələcək -2021” MMC ilə daha çox Mədəniyyət Nazirliyi "əməkdaşlıq” edir.  

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X