Ölkə 15:18 23.04.2021

Məhkəmə sədri sərxoş halda polisə müqavimət göstərib? - DİN-dən açıqlama (FOTO)

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq polisə aparılıb. 

Gununsesi.info-nun xəbərinə görə, hadisə bu günlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi olub. Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb və mübahisə zəminində xoşagəlməz hallar yaşanıb. 

Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər. Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib və sərbəst buraxılıb.

HİT.Az məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. Şöbə rəisi bildirib ki, Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması və sonradan sərbəst buraxılması barədə xəbər araşdırılıb və belə bir hadisənin baş vermədiyi bəlli olub. 

"Ona görə də bu xəbər həqiqəti əks etdirmir”, - deyə o əlavə edib.