Xəbər lenti

Məhkəmədə Arif Alışanovun maaş cədvəli tələb edildi
Ölkə 12:40 14.03.2018

Məhkəmədə Arif Alışanovun maaş cədvəli tələb edildi

AZTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, daha sonda Şücaət Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət qaldıraraq işin baxışını təxirə salınmasını istəyib: "Çünki müvəkkilim işlə tanış ola bilməyib. Latın qrafikasında oxuyub-yaza bilmir. Lakin prokurorluq bunu nəzərə almayaraq kobud prosessual qaydaları pozub. Məhkəmədən buna görə Şücaət Əkbərov iş materiallarına tanış olmaq üçün vaxt verilməsini istəyirik".

Bu vəsatət də təmin edilməyib. Bildirilib ki, bu prosesin uzadılmasına xidmət edir.

Şücaət Əkbərovun vəkili Alışanov və yaxınları adına alınan  torpaqların alqı-satqısı ilə bağlı 2013-2017-ci il ərzində Şamaxı notariatına sorğu verilməsini, ona aid əmlakların siyahısının Dövlət Reyestr Xidmətindən çıxarılması istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra vəkillər 2013 - 2016-cı illər ərzində Arif Alışanovun aldığı əmək haqqı ilə bağlı maliyyə arayışının müvafiq orqandan alınmasını, maaş cədvəlini tələb ediblər: "Burda o boyda torpağın hansı pulla alınmasını məlum deyil. AzTV ona aylıq 200 min manat maaş verir ki? Buna görə də vəsatətin təmin edilməsini istəyirik".

Vəsatət təmin edilməyib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayına kimi Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Müsahib Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu "Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 "NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 "NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi,  A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->