Xəbər lenti

Mehman Hüseynovun məhkəməsi olub
Ölkə 17:01 03.11.2017

Mehman Hüseynovun məhkəməsi olub

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi davam edib.
  
Lent.az-ın məlumatına görə,  Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.
 
Sonuncu vəsatət təmin edilib, digərləri təmin edilməyib.
 
M.Hüseynovun şüşə qəfəsdəki davranışlarına görə hakim ona xəbərdarlıq edib.

M.Hüseynov özünü təqsirli bilmədiyini deyib. Ona sərbəst ifadə vermək təklif edilib. O deyib ki, ittihamçı Musa Musayevi görməyib.
 
Vəkil Fuad Ağayev polis rəisi Musa Musayevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.
 
Prosesdə noyabrın 10-na kimi fasilə elan edilib.
 
Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->