Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.
Qaynarinfo xəbər verir ki, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirib.
Qeyd edilib ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.
Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış olub, müəssisənin azyaşlı sakinləri ilə görüşüb.
Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıb.
Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşüblər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar.
Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti onlara yaxşı oxumağı tövsiyə edib, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayıb.
Bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.
Şərhlər