Xəbər lenti

Məktəblərdə artan zorakılıq halları: səbəblər, çıxış yolları... (ŞƏRH)
Sağlamlıq 15:32 12.02.2018

Məktəblərdə artan zorakılıq halları: səbəblər, çıxış yolları... (ŞƏRH)

Əfsuslar olsun ki, son zamanlar məktəblərimiz təhsildən daha çox neqativ hallarla gündəmə gəlir. Şagirdlər arasında zorakılıq və neqativ halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Orta ümumtəhsil məktəblərində psixoloq kimi çalışan şəxslər hansı funksiyaları yerinə yetirir? 
 
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, təhsildəki neqativ halların artmasında ilk növbədə günahkar ümumtəhsil məktəblərinin direktorlarıdır:
 
"Son 5 il ərzində Azərbaycan təhsil müəssisələrində baş verən neqativ halların sayı son 15 illə müqayisədə olduqca artıb. Bu daha çox şagirdlər arasında baş verən fiziki zorakılıq, bir-birlərinə xəsarət yetirmələr, müəllim-şagird arasındakı münasibətlərin arzuolunan səviyyədə olmaması və s. formada müşahidə olunur. Bu, onu göstərir ki, əvvəlki dövrlərlə müqayisədə yeni nəfəs gətirdiyini düşündüyümüz gənc kadrlar bəzi hallarda orta ümumtəhsil məktəblərinin idarəolunması ilə bağlı ciddi boşluqlara yol verirlər. Yəni, bəzi direktorlarımızın peşəkarlığı orta ümumtəhsil məktəblərini idarə edəcək səviyyədə deyil. Direktor hansısa test imtahanının nəticələrinə və ya kiçik bir müsahibəyə əasən vəzifəyə təyin olunmamalıdır. Son illər müşahidələr onu göstərir ki, təhsildə neqativ hallar daha çox yeni şəxslərin təyin olunduğu və orta ümumtəhsil prosesinə ilk dəfə qoşulan şəxslərin rəhbərlik etdiyi müəssisələrdə baş verir. Təəssüf ki, təhsil müəssisələrini idarə edən şəxslərin idarəetməsi ilə bağlı problemlər var. Direktorlar öz tabeliyində olan işçiləri, yəni direktor müavinini, sinif rəhbərini, məktəb psixoloqunu, məktəb tibb xidməti rəhbərini və s. düzgün şəkildə idarə etmirlər. Bu gün orta ümumtəhsil məktəblərinin nəticələri ilə bağlı müəyyən məsələlər var. Deyirlər ki, təhsildə həqiqətən də qəbul nəticələrində artım var, amma bu artım orta ümumtəhsil məktəblərinin nəticəsi deyil və ya hansısa yarışda, hansısa beynəlxalq olimpiadada şagirdlərin əldə etdiyi uğur orta ümumtəhsil məktəbinin uğuru deyil, amma baş vermiş neqativ hallar məhz onların uğursuzluğu, onların nəticəsidir. Hesab edirəm ki, bu tipli halların baş verməməsi üçün orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslər rəhbərlik etdiyi quruma ciddi şəkildə nəzarət etməlidirlər. Diqqət edilməlidir ki, neqativ halların baş verdiyi məktəblərdə həmin hadisələri törədən şagirdlərin fərdi iş vərəqələrində təlim-tərbiyə işləri üzrə direktor müavininin, psixoloqun hansısa qeydləri varmı? Əgər yoxdursa, deməli həmin məktəblərdə bu funksiyanı yerinə yetirən şəxslərin fəaliyyəti sadəcə olaraq dövlət büdcəsindən boş-boşuna pul almaqdan ibarətdir.
 
Düzdür, bu gün orta ümumtəhsil məktəblərində çalışan psixoloqların əmək haqqları olduqca aşağıdır və buradan yüksək keyfiyyət də gözləmək olmaz. Amma məsələ burasındadır ki, verilən pul budur və bu pulun qarşılığında  mütləq şəkildə müsbət nəticə göstərilməlidir. Əgər göstərə bilmirsənsə, öz vəzifəni atıb getməlisən. Baş verən neqativ hallarda mütləq şəkildə direktorların günahı var. Bütün günahı onlarda axtarmalıyıq ki, idarəçiliyi normal şəkildə qura bilməyiblər. Orta ümumtəhsil müəssisələrində şagirdlərin hərəkət etdikləri hər yerə kamera quraşdırılmalı və bu çəkilişlərə ciddi nəzarət olunmalıdır ki, baş verəcək neqativ proseslərin qarşısı alınsın. Çətin, idarəedilməz şagirdlərlə bağlı məktəbin psixoloqu rəy hazırlamalıdır. Bu gün orta ümumtəhsil müəssisələrimizdə çalışan bəzi psixoloqlar öz peşə fəaliyyətlərini yerinə yetirə bilmirlər. Peşəkar psixoloqlarımız da var, amma onların sayı çox azdır. Hesab edirəm ki, məktəblərimizdə çalışan psixoloqlar ilk növbədə psixologiya ixtisasını bitirmiş şəxslər olmalıdır. Hansısa baytarlıq, kənd təsərrüfatı ixtisasını bitirib, 6 aylıq kurs keçən şəxsi pasxoloq vəzifəsinə təyin etmək olmaz. Necə ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır, o şəkildə psixoloqları da yoxlamaq lazımdır ki, həqiqətən onlar öz vəzifələrinin öhdəsindən gələ bilirlərmi? Bu gün birmənalı şəkildə neqativ halların aradan qaldırılması üçün təhsilin idarə olunması ilə bağlı ciddi islahatların həyata keçirilməsinə ehtiyac var".
 
Ekspert məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etmələri məsələsinə də münasibət bildirib:
 
"Bilirsiniz, texnoloji inkişaf dünyanın 201 ölkəsinin heç birində Azərbaycanda olduğu qədər zərərverici nəticələr törətmir. Bu, yenə də o məsələnin üzərinə gəlir ki, orta ümumtəhsil müəssisələrimizdə təhsil alan şagirdlər dərsə planşetlə də gələ bilərlər. Burda problem yoxdur. Amma siz əlinizdə olan resursları düzgün istiqamətdə istifadə etməlisiniz. Ən azından şagirdlərin bu planşetləri necə və nədə istifadə etmələrinə xüsusi diqqət ayırmaq lazımdır. Yaxud şagirdlərin asudə vaxtının dəyərləndirilməsi ilə bağlı məktəblərdə təlim-tərbiyə üzrə direktor müavini, sinif rəhbəri, uşaq birliyi rəhbəri işləməlidir. Standart, xoşagəlmək üçün yox, sırf nəticəyönümlü marifləndirmə tədbirləri görülməlidir. Bizim gələcəyimiz orta ümumtəhsil müəssiələrindən başlayır. Amma təəssüf ki, bəziləri gələcəyimizə ziyan vurmaqla məşğuldurlar".
 
Psixoloq Vüsalə Əmiraslanova da Qaynarinfo-ya açıqlamasında ümumtəhsil məktəblərində neqativ halların əvvəllər də baş verdiyini, lakin texnologiyanın inkişafının bu tip hadisələri daha çox üzə çıxartdığını dilə gətirib:
 
"Neqativ hallar həmişə olub. İndi də aktualdır. Lakin əvvəllər texnologiya bu qədər inkişaf etməmişdi, hansısa bir hadisə bu qədər tez müddətə yayılmırdı, qorxu var idi. Yeniyetməlik dövrü məktəblilərdə çox pis vaxtdır. Valideynlər və ya son dövrlər sırf bununla məşğul olan psixoloqlar uşaqlarla cinsi mövzularda danışıqlar aparmalıdırlar. Qızlar və oğlanlarla ayrı-ayrılıqda bu mövzular müzakirə olunmalı, onlarda hansı dəyişikliklərin baş verdiyi izah olunmalıdır. Uşaqlar anatomiya dərsində utanırlar, yarısı dərsə cavab vermək istəmir. Bunu gizlətmək lazım deyil. Bu barədə ətraflı məlumatları olsalar, heç vaxt gizli şəkildə baş vermiş neqativ hallarla qarşılaşmarıq. Evdə heç kim uşaqla bu barədə danışmır və psixoloq yanına da aparmaq istəmir. Uşaq da belə olduqda məsələyə yad qalır və internetdə axtarışlar etməyə başlayır. Adi bir proqramın axtarışında belə qarşıya pornoqrafik xarakterli materiallar çıxır və buna baxan uşaq da özünü sınamağa başlayır. Bir az da nəzarətsiz uşaq tez yolunu azmağa başlayır. Əslində burada uşağın heç bir günahı yoxdur. Onu bu vəziyyətə salan cəmiyyətin, ailənin günahı var. Birincisi məktəbə telefon buraxılmamalıdır. Bəzi məktəblər var ki, prestiji yüksəkdir, hər adamın uşağı orada oxuya bilmir. Həmin məktəblərdə bir az özündənrazı, özgüvəni yüksək olan uşaqlar təhsil alır, onlar da nə istəyirlərsə edirlər. Uşaqlarla indiki dövrdə belə problemlər yaşanmamalıdır. Çünki psixoloqlar cinsi tərbiyəni profilaktika kimi uşaqlara verməlidirlər. Bu, olsa, yəni uşaqlarla ya fərdi, ya da seminar şəklində belə mövzular müzakirə edilsə, hadisələr də bu səviyyəyə gəlib çatmaz".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->