Şagirdlər bir neçə saat dərslərdə oturur, dərsarası fasilə isə onların istirahətinə kifayət etmir. Söhbət dərsarası verilən tənəffüs dəqiqələrindən gedir. Həm dünya təcrübəsi, həm də ekspertlərin bu barədə fikirləri təsdiqləyir ki, şagirdlər dərslərdə yorulur və onların da istirahət edərək növbəti dərsə başlaması təhsilin keyfiyyətinə müsbət təsir edir.
ARB TV-nin əməkdaşları məsələ ilə bağlı maraqlı süjet hazırlayıblar.
Şagird: "Beş dəqiqəyə neynəmək olar? Bufetə gedirsən qayıdanacan vaxt olur. Müəllim də danlayır ki, niyə gec qayıtdın”.
Şagirdlərin dediklərini valideynlər də təsdiqləyir. Uşaqlar verilən dərsarası müddətdə qidalanma və təbii ehtiyaclarını ödəyə bilmirlər.
Valideyn: "Tənəffüs həqiqətən də azdır. Onlar kitablarını yığana qədər vaxt gəlib-keçir. Tənəffüs vaxtı çox olmalıdır ki, onlar bir neçə dəqiqə dərsdən uzaqlaşsınlar, bir az oynasalar, bir az ünsüyyətdə olsunlar, çörəklərini rahat yesinlər”.
Pedaqoqlar da 5 dəqiqəlik tənəffüs bölgüsünü yetərli saymırlar. Deyirlər ki, problemin həllini tapması üçün ilk növbədə dərs yükü azaldılmalıdır. Bundan başqa, bütün məktəblərdə birnövbəlilik prinsipi tətbiq olunmalıdır. Hazırkı vəziyyətdə tənəffüsün artırılması bir qədər real görünmür.
Telman Məmmədov – İdman müəllimi: "Tənəffüsü artırsaq, 20 dəqiqə yarım saat eləsək, o zaman dərs prossesi də uzanacaq. Söhbət 8-ci, 9-cu saatdan gedir”.
Bəsdi Ağayeva – Direktor müavini: "45 dəqiqədən sonra 5 dəqiqə zəng vurulanda, zaman çox qısa olur. 15 dəqiqə olsa bəziləri sərbəst olar. Məsələn birinci, ikinci mərtəbədə təhsil alan şagirdlər üçün aşağı enmək rahat olur, amma 6-cı mərtəbədə təhsil alan şagird aşağı düşənə qədər tənəffüs bitir”.
Tahirə Salmanova – Tarix müəllimi: "5 dəqiqə azdır. Bizdə məktəb 6 mərtəbəlidir. Şagirdlər 6-ya qalxana qədər 45 dəqiqə vaxtdan gedir. Onsuz da 45 dəqiqə azdır. Artırılsa yaxşı olardı, pis fikir deyil”.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, hazırda bir sıra özəl məktəblərdə tənəffüs fasiləsi dünya təcrübəsinə uyğun aparılır. Bunun effektini sözügedən məktəblərin buraxılış imtahanlarındakı nəticələri də sübut edir. Yəni göstəricilər yüksək olur.
Kamran Əsədov – Təhsil eksperti: "Şagirdlərin daha rahat olması üçün, təbii ehtiyaclarını daha rahat ödəməsi üçün tənəffüsün vaxtının uzadılması labüddür. Vaxtın az olması təhsilin keyfiyyətinə mənfi təsir edən amillərdəndir. Dünya təcrübəsində tənəffüs vaxtı 20 dəqiqədən 45 dəqiqəyə qədər çəkir. Hətta Yaponiya məktəblərində ən az tənəffüs vaxtı 30 dəqiqədir”.
Məktəblərdə 5 dəqiqəlik tənəffüs müddətinin 10, 15 dəqiqəyə çatdırılması Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilə bilər. Ekpsertlərin fikrincə ən azından pilot layihə kimi bunu bir neçə məktəbdə tətbiq etmək olar. Nəticənin müsbət olacağı isə dəqiqdi.
Şərhlər