Vüsal Bağırlı
Bir neçə gün bundan əvvəl, saçqırxan maşın almaq üçün təsərrüfat malları mağazasına döndüm. Satıcı həvəslə bir neçəsini gətirib qarşıma düzdü. Soruşdum ki, başım çıxmır bu cihazlardan, hansını məsləhət görürsünüz?
Birini uzatdı, and içdi ki, alıcılar əsasən buna üstünlük verirlər. Hamı razı qalır keyfiyyətindən.
Nə isə, pulunu verdim, aldım gətirdim evə. Dünən işə salıram, baxıram kı, tükü yolur. Saçı qırxanda incidir, narahatlıq yaradır.
O, gün bazarlıq etmək niyyəti ilə meyvə-tərəvəz dükanına buruldum. Satıcı dəridən-qabıqdan çıxmağa başladı. Aşırı canfəşanlıq göstərərək, "gəl məndən al qadası, peşman olmazsan" dedi. Ərik, ağ gilas, qara gilas, bir sözlə yayın dəbdə olan meyvələrinin hərəsindən yarım kilo alıb gətirdim. Evdə baxırıq ki, meyvələr vizual olaraq göz oxşasa da, içərisi açılıb-yığılan, dip-diri qurdlarla doludur.
Təxminən bir ay bundan əvvəl qızım üçün velosiped aldım. İndi iki gündən bir, gah qaykası, şurupu açılır, gah çarxının yağı qurtarır, gah da təkəri boşalır. Yepyeni, qət-təzə velosipedlə qalmışam təmirçi, usta əlində. Tərslikdən yaxşı usta d, əppək olub göyə çəkilib, tapılmır.
Gedib satıcıya şikayətimi bildirdim. Nə söyləsə yaxşıdır: "”Kitayski”dir də, bəs nə gözləyirdin?". Mən heç nə demədim. Deyiləcək sözüm qalmamışdı. Yalnız çiyinlərimi çəkdim. Çar-naçar, ürəyimdə: "Ay evin tikilsin, bunu mənə əvvəldən deyərdin də?” söylədim.
Mobil telefonum xarab olmuşdu. Sönüb, gec yanırdı. Bəzən bir neçə saat gözləməli olurdum. Apardım ustaya. Əşi asan şeydir, bir saata gəl apar dedi. Sonra zəng etdi ki, iş uzandı, axşam götürərsən. Axşam səhər oldu, səhər birigünə çevirildi. İş ertələnib qaldı. Sonra məlum oldu ki, telefon tamam xarab olmuş, yerli-dibli sıradan çıxmışdır.
Bəli, koronavirus təhlükəlidir, öz yerində. Ondan qorunmağın üsullarını azdan çoxdan bilirik. Maska taxırıq, əlimizi-üzümüzü yuyuruq, məsafə saxlamağa çalışırıq. Fəqət, bütün bunlardan daha təhlükəlisi, ətrafdakıların cahilliyi, qeyri-peşəkarlığı, pərdələnmiş səriştəsizliyi, maskaya bürünmüş bacarıqsızlığı, biganəliyidir. Hər şeyin pulla ölçüldüyü öldürücü mühitdir. Mən "salim olum, cümlə cahan batsa da batsın” təfəkkürüdür.
***
Bir ara, hansı saytı açırdım, hansı sosial şəbəkəni arayırdım, müğənni Aybəniz Haşımovanın qızı Aynişanla bağlı xəbərlərlə rastlaşırdım. Məlumat təkrar-təkrar, dönə-dönə o qədər verilirdi ki, artıq Aynişanın tərcümeyi-halını, günorta yeməyinə nə yediyini, axşam hara getməyə hazırlaşdığını əzbər bilirdim.
O gün isə, Aygün Kazımovanın qızı İlqarə Səbail klubunun braziliyalı oyunçusu Eriko da Silva ilə birgə videolarını hansısa sosial şəbəkədə paylaşıb. İndi, hər dəfə sosial şəbəkələrə daxil olduqda, informasiya saytlarını açdıqda, bu video ilə əlaqəli yüzlərlə müzakirələrlə, statuslarla, məqalələrlə rastlaşırsan.
Oğlan evi sayılan idman buraxılışları, futbol saytları futbolçunun, onun komanda yoldaşlarının, məşqçilərin məsələyə dair fikrini öyrənməyə çalışır. Şou-biznes, əyləncə-musiqi kanalları isə qız evinə üz tutur, məşhur müğənnin qızını yanlamaq istəyirlər. O qədər də əhəmiyyət kəsb etməyən, intellekt, düşüncə yükü daşımayan, mənasız bir olay, süni şəkildə şişirdilərək, mütləq hər kəs bunu bilməlidir, oxumalıdır hökmü ilə hər kəsə məcburən sırınır, zorən şəkildə insanların beyninə yeridilir.
Tam əminliklə söyləyirəm, əgər ədəbiyyatla, kitabla bağlı hər hansı informasiya bu ardıcıllıqla, bu istəklə, bu inadla potensial oxucuya, tamaşaçıya təqdim edilsə idi, insanlar kitaba, mütaliəyə indikindən yüz-qat daha çox meyl edər, vaxtlarını daha səmərəli keçirməyə çalışardılar.
Şərhlər