Dünya 17:57 03.08.2021

''Mercer Street'' tankerini İranın vurması sübut olunsa, vəd olunan cavab necə olacaq?

"Əminəm ki, həmin gəmiyə İran hücum etməyib, bu, İsrailin təxribatıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın ''Mercer Street'' dəniz tankerini dronla vurmasından sonra ABŞ, Böyük Britaniya və İsrailin İrana verəcəyi cavaba aydınlıq gətirərkən deyib. Politoloqun fikrincə, İsrail var gücü ilə çalışır ki, Qərb dövlətləri İrana hücum eləsinlər, bombalasınlar:

"Amerika buna getmirdi. Ona görə bunü sürətləndirmək, gerçəkləşdirmək üçün İsrail təxribat edib, hansısa gəmiyə hücum edib. İndi İranı şərləyirlər. Hansısa tankeri vurmaq İranın nəyinə lazımdır? Boş söhbətdir. Bu, İsrail təxribatıdır. İndi Amerika və İngiltərə bu təxribata uyur və deyir ki, "biz İrana hücum edəcəyik”.  Əgər onlar İrana hücum eləsələr, nə baş verəcək? Amerika, İngiltərə, İsrail da çox böyük itkiyə yol verəcək. Onlar İrana böyük həcmdə ziyan vura biləcəklər, amma Amerikanın Bəhreyn, Qatar, Kveyt, Səudiyə, İraq və Suriyadakı hərbi qüvvələrinə zərbələr endiriləcək”.
 


Zərdüşt Əlizadə həmçinin İsrailin kütləvi raket zərbəsinə məruz qalacağını da vurğulayıb:

"Təkcə Hizbullahın 40 mindən çox raketi var. Bunun qarşısını heç kim ala bilməyəcək. İsrailin yarısı dağılacaq. Əgər bunu istəyirlərsə, eləsinlər. Bütün dünyaya ağıl dərsi verən Qərb gəlsin İranı dağıtsın, özü də dağılsın”. 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, İran gəmiyə hücum etməsini əslində inkar edir:
 
 

"Əgər sübut olunsa ki, bu, İran tərəfindən təşkil olunub, onda kollektiv cavab veriləcək. Harda və necə veriləcəyini indidən söyləmək çətindir. Süleymaninin qətli də eyni cür həyata keçirildi. General Süleymanının fəaliyyətindən Amerika çox narahat idi və sonda onu izləyərək raket zərbəsi ilə neytrallaşdırdılar. İndi gəmiyə hücum da, məncə, cavabsız qalmayacaq. Vacib deyil ki, hansısa formada - İran ərazisində, başqa ərazilərdə də İrana qarşı bu cür əməliyyat həyata keçirilə bilər. Ancaq bu qarşıdurma bölgəyə heç nə vəd etmir. Çünki bir tərəfdən İran sanksiyalardan qurtulmaq istəyir, digər tərəfdən də belə qarşıdurmalarda özünü büruzə verir. Bu o deməkdir ki, İran daxilində və xaricində iranpərəst qüvvələrin Qərb qüvvələriylə toqquşması ehtimalı böyükdür. Bu prosesdə İsrail də iştirak edə bilər. Məsələn, uzun müddətdir ki, İranda nüvə alimləri müəmmalı şəkildə qətlə yetirilir. Burada İsrail izi haqqında müxtəlif versiyalar da var. İran da onun intiqamını almağa çalışır. Amma bu intiqamı alarkən İsrail bunu da cavabsız qoymur və İrana müxtəlif zərbələr endirir”.
Qeyd edək ki, bir neçə gün qabaq İran ''Mercer Street'' ABŞ-ın dəniz tankerini dronla vurub. Nəticədə 2 nəfər ölüb (Böyük Britaniya və Rumıniya vətəndaşı). Hazırda ABŞ, Böyük Britaniya və İsrail İrana kollektiv cavab verəcəyi bildirilib və İranın hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bahar Rüstəmli