Almaniyanın federal kansleri Angela Merkel bu gün millətə müraciət edib. O bildirib ki, dünyada koronavirusa qarşı vaksin və ya başqa dərman yaradılmayınca pandemiyanın başa çatmasından danışmaq olmaz.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, kansler həmvətənlərini sayıqlığı itirməməyə çağırıb, çünki bu virus bir müddət "gizləndikdən” sonra yeni qüvvə ilə yayılmaq xassəsinə malikdir. AFR hökumətinin başçısı həmvətənlərinə xəbərdarlıq edib ki, bu xəstəliyin təhlükəlilik dərəcəsinə etinasız yanaşmaq olmaz.
"Koronavirus ölkəmizin iqtisadiyyatını və vətəndaşlarımızı ciddi sınağa çəkir. Lakin biz hələlik müdafiə olunuruq”, - deyən Merkel şüurluluq və ehtiyatlılıq nümayiş etdirən almanlara təşəkkürünü bildirib.
Kansler daha sonra deyib: "Ümidvaram ki, biz yeni addımlar atacağıq və bu zaman yeni yoluxmalar baş verməyəcək. Əgər biz cəsarət və sayıqlığımızı qoruyub saxlasaq, buna nail olacağıq”.
Şərhlər