Xəbər lenti

Mərkəzi Asiya+Azərbaycan:
Siyasət 15:47 17.11.2025

Mərkəzi Asiya+Azərbaycan: "Altılıq" qlobal platformaya çevrilir (ŞƏRH)

"Qardaş ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə Azərbaycanın həmin platformaya tam hüquqlu üzv olaraq qəbul edilməsi ilə 5+1 formatı vahid altılıq formatına çevrildi".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qəbul olunmasını şərh edərkən deyib. 

Hikmət Babaoğlunun fikrincə, bu hadisə bir neçə istiqamət üzrə tarixi hadisədir:

"Azərbaycan Prezidenti məsələni qiymətləndirərkən qeyd edib ki, ölkəmizin Mərkəzi Asiya ilə birgə sinxron hərəkət etmək imkanlarının yaranması həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Doğrudan da bu məsələnin ciddi geosiyasi və geoiqtisadi tərəfləri var".

Deputat bildirib ki, yaranan bu altılıq qlobal mahiyyət kəsb edən platformaya çevrilməklə yanaşı, yeni ittifaq nümunəsidir:

"Burada üçüncü mühüm tərəf odur ki, bu addım vahid tarixi coğrafiyanın sözün əsl mənasında birləşməsidir. Çünki Türküstan coğrafiyası əslində Qafqazlara qədər uzanan bir coğrafiyadır. Qafqaz isə ümumasiyaya qədər uzanan geostrateji ərazini əhatə edir. Belə olan halda gözümüzün önünə təbii tarixi coğrafiyada yaranan yeni ittifaq nümunəsi gəlir. Bu coğrafiyanın həm böyük iqtisadi resursları, intisadi inteqrasiya, həm də mədəni, sosial, humanitar imkanları var. Özbəkistan Prezidenti çıxışında bildirib ki, Azərbaycanın qəbulu ilə böyük altılıq qlobal mahiyyət daşıyan bir platformaya çevrilib. Nəticə etibarıyla dərinləşən inteqrasiya qlobal altılığın beynəlxalq münasibətlər sistemində də gücünü artıracaq".
 

 
Deputat qeyd edib ki, bu altılığı təyin edən əsas şərt Azərbaycanla bağlıdır:

"Ona görə də hər 5 ölkənin prezidenti inteqrasiya prosesində məhz Azərbaycanın yeri və rolunu xüsusi olaraq qeyd etdilər. Azərbaycan 2020-ci ilə qədər həyata keçirdiyi kommunikasiya xətləri vasitəsilə Mərkəzi Asiya ilə əməkdaşlıq üçün mühüm perspektiv yaradıb. Ancaq 2020-ci ildə əldə etdiyimiz tarixi hadisələrdən sonra bu perspektiv imkanların yeni üfiqləri açıldı. Zəngəzur dəhlizinin mühüm perspektivi Azərbaycanı ayrıca geostrateji məkan kimi önə çəkdi. Dünya yeni sənaye inqilabı ərəfəsindədir. Bu isə öz-özlüyündə yeni resursların iqtisadiyyata və texnologiyaya qazandırılmasını şərtləndirir. Mərkəzi Asiya ölkələri isə belə resurslarla, uran, litiumla çox zəngindir. Onların realizasiyası üçün Mərkəzi Asiyanın Qərblə əməkdaşlığına ehtiyac var. Bu isə yalnız Azərbaycan vasitəsilə mümkündür".

Hikmət Babaoğlu qeyd edir ki, bu, həm də tarixi ədalətin bərpasıdır:

"Vahid Türküstan coğrafiyası milli-dini identfikliyimizi, etnik bənzərliyimizi təyin edən və onun üzərində böyük gələcək qurmaq imkanlarını şərtləndirir. Türkistan və Cənubi Qafqaz işğal olunandan bəri bütövləşə bilmirdik. İndi isə Azərbaycanın önə çəkdiyi şərtlərlə yenidən Mərkəzi Asiya ilə bütövləşirik. Bu isə yeni altılığı şübhəsiz ki, beynəlxalq münasibətlərin ən təsirli aktorlarından birinə çevirəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edib. Bu səfərin nəticəsi olaraq Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulub. 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, "Mərkəzi Asiya+Azərbaycan" formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->