Əkrəm Həsənov: "Rüfət Aslanlı dar çərçivədən çıxa bildi, amma korrupsiyaya qurban getdi”
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində ölkə mətbuatında məlumatlar bir-birini əvəz etməkdədir. Son yayılan məlumatda Rüfət Aslanlının barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunduğu yer alır. Türkiyə Respublikasının "Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan iddia edir ki, Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılmış avadanlıqlara görə yaranmış borcunu vermir.
Rüfət Aslanlının "qara zolağa” çıxaran səbəblərlə bağlı vaxtilə onunla Mərkəzi Bankda çalışmış Əkrəm Həsənovla söhbətləşdik.
Ə.Həsənov deyir ki, sabiq sədr olduqca savadlı, öz işini bilən, səriştəli kadrdır: "Onun milyonçu qohumları, valideynləri olmayıb. Hamı bilir ki, kasıbçılıqdan gəlib öz savadı ilə qalxanlardandır. Rüfət Aslanlı əmək fəaliyyətinə 90-cı illərdə bank sektorunda başlayıb. Sonra Mərkəzi Bankda işə götürülüb. Onu adi mütəxəssis kimi işə götürüblər. Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentində adi bir mütəxəssis kimi işə başlayıb, tədricən şöbə müdiri, çalışdığı departamentin direktoru oldu. 2001-ci ildə Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilib”.
Ə.Həsənov deyir ki, Rüfət Aslanlıya vəzifə irəliləyişində dəstək verən olmayıb: "Rüfət Aslanlı Azərbaycanda bank-maliyyə sahəsində olan ən savadlı kadrlardan biridir. 2000-ci ilin əvvəllərində Mərkəzi Bankda çalışanların əksəriyyəti qeyri-rəsmi deyirdi ki, Rüfət Aslanlı gələcək sədrdir. Elman Rüstəmovun sağ əli idi, onun biliyi, savadı, çox yaxşı yazı, əsaslandırma qabiliyyəti vardı. 2007-ci ilə qədər Mərkəzi Bankda çalışdı, həmin dövrdə bankın bütün vacib sənədləri, bəyanatları, tədqiqatları, Elman Rüstəmovun çıxışlarını da o yazırdı. Rüfət Aslanlı Mərkəzi Bankdan gedəndən sonra orada iş keyfiyyəti aşağı düşdü. Həmin il Rüfət Aslanlı Qiymətli Kağızlar Komitəsinin sədri vəzifəsinə təyinat aldı. Formal olaraq yüksəlişə getdi. Amma haradasa Elman Rüstəmov da maraqlı idi onun gedişində. Çünki onu özünə güclü rəqib görürdü. Rüfət Aslanlının ambisiyaları çox böyük idi. Biz Mərkəzi Bankda çalışanda o, bankın Tender Komissiyasının sədri, mən katibi idim. Mərkəzi Bank üçün nə alınırdısa, həmin komissiyadan keçirdi. Ədalətli idi, korrupsiyaya yol vermirdi. 2004-cü ildə Mərkəzi Bankın binasının sığortalanmasına dair tender oldu. Hər il binanı ”Başak İnam" sığorta şirkəti sığortalayırdı. Çünki həmin şirkət rəhbərliyi ilə Elman Rüstəmovun yaxınlığı vardı. Həmin il tenderdə bir neçə şirkət iştirak etmişdi. Komissiya tenderdə iştirak etmiş şirkətlərin təklifləri olan konvertləri açanda məlum oldu ki, ən aşağı qiyməti elə "Başak İnam” sığorta şirkəti təklif edib. Amma sığortalama ilə bağlı tenderin bütün şərtlərinə "Başak İnam” riayət etməmişdi. Qiymətə görə 2-ci yerdə isə "M-bask” sığorta şirkəti idi. "Başak İnam”a dedik ki, sizin şərtlər tam deyil, siz həmin şərtləri təsdiqləyirsiz? Özlərindən razı halda dedilər ki, təsdiqləyirik. Düşünürdülər ki, qalibdirlər. Rüfət Aslanlı ədalətli qərar verdi və "M-bask”ı qalib elan etdi. Yəni o vaxt Rüfət Aslanlı faktiki olaraq Elman Rüstəmovla kəllə-kəlləyə gəldi. Onun Qiymətli Kağızlar Komitəsinə getməyini şərtləndirən belə məsələlər idi".
Ə.Həsənovdan Rüfət Aslanlı Mərkəzi Bankda çalışan illərdə əmək haqqının nə qədər olduğunu da xəbər aldıq. Cavabı belə oldu: "O dövrdə İdarə Heyəti üzvləri maksimum 3 min manat alırdılar. Sonradan 5-6 min manata qədər artdı. Qiymətli Kağızlar Komitəsində isə sədrin əmək haqqı maksimum 1500 manat olardı. 2007-ci ildən 2016-cı ilə qədər Rüfət Aslanlı orada çalışdı. Həmin il Qiymətli Kağızlar Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası yarandı və oranın rəhbəri oldu. Həmin vəzifədə 1 il qaldı və 65 min manat əmək haqqını da həmin 1 il ərzində aldı. Ümumilikdə o vəzifədə 2 il yarım işlədi”.
Ə.Həsənov Rüfət Aslanlının biznesi haqda suala belə cavab verib: "Münasibətimiz rəsmi idi, amma o vaxtlar hamı deyirdi ki, kifayət qədər imkanlı insandır. Həmişə bahalı avtomobillərdə gəzir, bahalı kostyumlar geyinirdi. Mərkəzi Bankda ən çox işləyən də o idi. Amma bununla belə, rəsmi gəlirlərlə mətbuatda yazıldığı kimi villa, hotel, qəsr almaq əlbəttə ki, mümkün deyil. Onun biznesi də olmamış deyil. Onun qardaşı Fuad Aslanlı Avrasiya Bankının rəhbəridir. Hətta deyirdilər ki, həmin bank da onundur”.
Müsahibimiz dedi ki, Qiymətli Kağızlar Komitəsində korrupsiya üçün elə bir şərait olmayıb: "Komitədə xırda-xuruş nəsə ola bilərdi, amma orada böyük, ciddi korrupsiyaya şərait yox idi. Rüfət Aslanlı həmişə maraqlı idi ki, komitə maliyyə nəzarəti orqanına çevrilsin. 2016-cı ildə belə də oldu, Rüfət Aslanlı dar çərçivədən çıxa bildi, amma korrupsiyaya qurban getdi. Rüfət Aslanlının ambisiyaları böyükdür və bunu gizlətmir. O var-dövlətini gözə soxmağı xoşlayır”.
Ə.Həsənov dedi ki, Rüfət Aslanlının son iş yerində korrupsiya imkanları bəs deyincədir: "Mərkəzi Bankda həmişə yüksək əmək haqqı olub və aşağı səviyyədə, məişət korrupsiyası olmayıb. Orada Hüquq Departamentində şöbə müdiri işləmişəm. Həmin illərdə əksəriyyət kredit təşkilatlarının fəaliyyətinə nəzarət edən departamentdə işləməyə can atırdı. Çünki Rüfət Aslanlının rəhbərlik etdiyi departament ən yağlı yer hesab olunurdu. Bayramlarda departamentin adi işçilərinə belə banklardan hədiyyələr, paketlər və s. gəlirdi. Bu söhbətlər vardı. Hamı deyirdi ki, heyf deyil həmin departament. Təkcə banklar deyildi, bank olmayan kredit təşkilatları, sığorta təşkilatlarına nəzarət də həmin departamentdə idi. Rüfət Aslanlının ”vurulması"nın kökündə hesab edirəm ki, dayanan əsas amil onun ambisiyalarıdır".
Mənbə: musavat.com
Şərhlər