Ölkə 12:39 16.07.2020

Mətbuatdan bəllidir ki, Məmmədyarovun başı başqa işlərə qarışıb... – Millət vəkili

"Bu şəxs öz funksiyasını yerinə yetirə bilmirsə, onun haqqında müvafiq tədbirlər görülməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovu tənqid etməsi ilə bağlı çıxışını şərh edərkən deyib. Deputat qeyd edib ki, Prezident Xarici İşlər nazirini haqlı olaraq tənqid edib:

"Mən iki dəfə Xarici İşlər nazirinin Dağlıq Qarabağla bağlı mövqeyini Milli Məclisdə kəskin tənqid eləmişəm. O vaxt adını çəkmək istəmədiyim komitə sədri mənə cavab verdi. Onun arqumenti belə idi ki, "Xarici İşlər Naziri yaxşı işləyr". Amma Prezidentin axşamkı iradları bizim nə qədər haqlı olduğumuz göstərdi. Prezident birmənalı olaraq bildirdi ki, Xarici İşlər naziri son dövrlər normal fəaliyyət göstərə bilmir. Sosial şəbəkələrdən və mətbuatdan bəllidir ki, onun başı başqa işlərə qarışıb. Mən indi konkret demək istəmirəm. Hər bir halda Xarici İşlər naziri kimi ciddi bir funksiyanı yerinə yetirməli olan, xüsusən də bu günlərdə işləməyə məsul bir şəxsin hərəkəti haqlı olaraq tənqiq edilir. Bu o deməkdir ki, həm dövlət rəhbərliyi, həm də xalqda bu şəxsə qarşı artıq kəskin mənfi münasibət formalaşıb. Bu şəxs öz funksiyasını yerinə yetirə bilmirsə, onun haqqında müvafiq tədbirlər görülməlidir". 
 

Tahir Kərimlinin fikrincə, Xarici İşlər naziri ölkədə baş verənlərə olduqca operativ reaksiya verməli idi:

"Ona reaksiya verməli idi ki, bizim Polad Həşimov kimi görkəmli generalımız şəhid olub, hansı ki, 2016-ci ilin Aprel döyüşlərində də böyük qəhrəmanlıq göstərmişdi. Yaxud da dinc sakin 76 yaşlı Əziz Əzozov vəfat edib. Mülki əhaliyə qarşı təziqlər olub, nə qədər infrastruktur dağılıb. Bunları vaxtında beynəlxalq təşkilatlara, bütün dünyaya çatdırmalı idi. Bu operativlik müşhidə olunmayıb. Prezident deyir ki, az qala mən gündə 10 dəfə xarici məsələlər üzrə köməkçi Hikmət Hacıyevlə məsləhətləşmələr aparıram.  Amma belə bir vaxtda Xarici İşlər naziri ortada yoxdur. Biz bunu da gördük. Yaxşı bəs bizim Xarici İşlər nazirimiz haradadır?"

Bahar Rüstəmli