Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu,Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov,federasiyanın rəsmi şəxsləri,idmançı və məşqçi heyəti iştirak edib. Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuz Ezmi Qovimuramadhoninin II Avropa Oyunlarında iştirakının artıq böyük nəticə olduğunu qeyd edib. Konfrans nümayəndələrini salamlayan Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib.
Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.Konfrans nümayəndələri Mikayıl Cabbarovu növbəti 4 il müddətinə Azərbaycan Badminton Federasiyası prezidenti vəzifəsinə seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində vitse-prezident, Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.
Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu nazir Azad Rəhimovun adından Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Konfransın sonunda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.
Şərhlər