Ekonomiks 18:27 09.07.2020

Millət vəkili uşaq pulunun bərpasının vacibliyini belə əsaslandırdı

"Ölkədə uşaq pulunu bərpa etmək çox vacibdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun fikrincə, koronavirus pandemiyasının törətdiyi sosial-iqtisadi çətinlikərin aradan qaldırlması sahəsində zəruri olan mexanizmlər içərisində uşaq pulunun bərpası ən etibarlı mexanizm ola bilər:
 


"Ona görə də biz bu il aprelin 24-də Milli Məclisin plenar iclasında uşaq pulunun bərpası məsələsinin növbəti dəfə qaldırdıq. Beynəlxalq praktikadan çıxış edərək demək olar ki, hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərin xeyli hissəsini uşaq pulunun bərpa edilməsi hesabına həll etmək olar. Əgər uşaq pulu məsələsi həll olunsa, ünvanlı sosial yardım alanların da böyük əksəriyyəti daxil, yardıma ehtiyacı olanların çoxunun maddı problemi də xeyli dərəcədə həll olunmuş olar. Yəni, uşaq pulu mexanizmi vasitəsilə aztəminatlılıarın böyük əksətiyyətini əhatə etmək olar ki, həmin şəraitdə 190 manat sosial ödəniş ətrafında yararan problem və narazılıqlara da yer qalmazdı. Çünki uşaq varsa, deməli, dəqiq ünvan da var, ünvan varsa, deməli, öz təyinatından yayınmadan sosial ödəniş də olacaq". 

Əli Məsimli bunun eyni zamanda post-pandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə biləcəyini vurğulayıb:
" Ona görə də Azərbaycanda ötən il həyata keçirilən və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli hissəsi kimi, optimal model əsasında aşağı gəlirli ailələr üçün uşaq pulu məsələsinin yaxın zamanlarda bərpası istiqamətində də real addımlar atılmasını zəruri hesab edirik. Bəzən belə fikirlər səsləndirilir ki, uşaq pulu o ölkələrdə verilir ki, orada əhalinin artmı mənfi meyillidir. Uşaq pulunun əleyhinə olanlar bir qayda olaraq belə bir arqumentə söykənirlər: "Onsuz da Azərbaycanda əhali kifayət qədər sürətlə artır. Ona görə də doğumu stimullaşdırmağa ehtiyac yoxdur”. Uşaq pulu məsələsinə bu cür yanaşmalar bir tərəfli xarakter daşıyır. Bəli, uşaq pulu mexanizmindən aktiv demoqrafik siyasətinin tərkib hissəsi kimi istifadə edən olkələr var. Amma araşdırmalarda bir qədər dərinə gedilsə, onda məlum olacaq ki, həmin ölkələrin əksəriyyəti üşaq pulu mexanizmi vasitəsilə əhalinin artımına nail ola bilməyiblər. Nəticədə həmin ölkələrdə də uşaq pulu faktiki olaraq məhz uşaqların sayının artmasından daha çox dünyaya gələn uşaqların sağlam, sıxıntisız böyüyə bilməsinə xidmət edir. Biz də uşaq pulu məsələsini qaldıranda məhz bu mövqeni əsas götürürük ki, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar olan sahələrin hər birinin inkişaf səviyyəsi birmənalı şəkildə ailələrə və bu ailələrdə böyüyən, dövlətin ən böyük kapitalı, xalqımızın əsas milli sərvəti olan uşaqlara, onların fiziki, əqli və mənəvi cəhətdən inkişafına birbaşa təsir göstərir. Ona görə də bizə sadəcə uşaq doğuşunun artımı yox, vətəninə layiqincə xidmət edə bilməsi üçün hər yeni doğulan uşağın sağlam, maddi cəhətdən ehtiyacsız, sıxıntısız, normal təhsil-tərbiyyəli böyüməsi lazımdır".

Əli Məsimli "ünvanlı sosial yardım tətbiq edildiyindən uşaq puluna ehtiyac yoxdur" fikrini irəli sürənləri cavabsız buraxmayıb:

"Əvvəla, uşaq pulunun növləri çoxdur və biz həm sovet dönəmində tətbiq olunan uşaq pulu mexanizmindən, həm də beynəlxalq praktikada mövcud olan modellərdən yaradıcılıqla istifadə edərək, elə bir optimal model və onun reallaşma mexanizmini qura bilərik ki, uşaq pulu məsələsini həll etməklə ünvanlı sosial yardım alanlar, işsiz olub, amma işsizliyə görə müavinət almayanlar, hazırkı pandemiya dövründə günəmuzd və sair səpgili işlərini itirib çıxılmaz vəziyyətə düşənlər, kiçik torpaq sahəsi olduğuna görə ünvanlı sosial yardım almaqdan məhrum olanlar və s. bu kimi aztəminatlı təbəqələrin də əksəriyyəti daxil, həqiqətən yardıma ehtiyacı olanların çoxunun maddı problemini də xeyli dərəcədə həll etmək olar. İkinci vacib məqam isə ondan ibarətdir ki, rəsmi məlumatlara görə, 2019-cu ildə ilk ünvanlı sosial yardım mexanizmi ciddi şəkildə genişləndirildi. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq belə ailələrin sayı 72 min oldu. 2020-ci il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Biz ünvanlı sosial yardım mexanizminin bu dərəcədə genişləndirilməsini çox müsbət qiymətləndiririk. Lakin hətta bu cür genişləndirilmış ünvanlı sosial yardım mexanizmi belə uşaq pulu problemini həll edə bilməz. Çünki genişləndirilmiş ünvanlı sosial yardım mexanizmi ən yaxşı halda 360 min nəfəri əhatə edəcək ki, bunun da tərkibində uşaqların sayı 200 min nəfərin üstündədir. Amma rəsmi statistikaya görə, 2019-cu ilin əvvəlinə Azərbaycanda 15 yaşınadək uşaqların sayı 2,2 milyon nəfərdən, 18 yaşadək olanların sayı isə 2,7 milyon nəfərdən artıqdır. Deməli, genişləndirildikdən sonra belə ünvanlı sosial yardım mexanizmi ölkədəki uşaqların 8-10 faizindən azını əhatə edir".

Deputat bundan əlavə ən həssas kateqoriyadan olan, sağlamlıq imkanı məhdud uşaqlara da ödənişlər edildiyini deyib: 

"Amma həmin kateqoriyaya aid uşaqları da əlavə edəndə də, yenə də bütün uşaqlar əhatə olunmur. Bu rəqəmlərin müqayisəsi açıq şəkildə göstərir ki, həm sərt karantin rejiminin davam etdiyi hazırkı, həm də post-pandemiya dövründə bu yöndə getdikcə daha böyük aktuallıq kəsb edən məsələlər arasında uşaq hüquqlarının müdafiəsi məsələsi önə çıxarılmalıdır. Ölkədə uşaq pulunu bərpa etmək çox vacibdir və ictimaiyyət aidiyyatı orqanlardan bu istiqamətdə real nəticəsi olan addımlar gözləyir".

Bahar Rüstəmli