"Deputat Nəriman Əliyevin hazırda vəziyyəti qənaətbəxşdir, huşu yerindədir, danışa bilir”.
"Report”un xəbərinə görə, bunu N.Əliyevi əməliyyat edən Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.
O bildirib ki, N.Əliyevin əməliyyatı çox çətin şəraitdə keçib: "Ölkə səhiyyəsi və həkimlik üçün çox çətin yollardan keçdik. Nəriman Əliyevdə olan xəstəlik və onun göstərmiş olduğu formalar bütün orqanların-qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlər yaratmışdı. Uzun müddət süni tənəffüs aparatında aparılan müalicələr nəticəsində onun bütün orqanlarındakı funksiyalar qənaətbəxş hala gətirilib”.
Həkim vurğulayıb ki, yanvar ayının 10-da saat 18:00-da başlayan əməliyyat, ayın 11-də gecə saat 03:00-da başa çatıb: "Bu dünyada ən ağır əməliyyatlardan biridir. Əməliyyat rəhbərliyim ilə yerli komandamız tərəfindən həyata keçirilib. Dünya statistikasına görə, Avropada belə xəstələrin 95 faizi əməliyyatdan 24 saat sonra həyatını itirir. Ağır əməliyyat olduğuna görə, Almaniyanın Munhen Kardiologiya İnstitutu və Türkiyənin Acıbadəm xəstəxanasının bütün ekspertləri tərəfindən konsultasiyalar olundu. Ortaq müzakirələrdən sonra müalicələrimiz davam etdi. Əməliyyatdan sonra ürəyin funksiyları bərpa olundu. Sonra digər orqanların bərpası üçün böyük bir şans yarandı”.
R.Mahmudov qeyd edib ki, hazırda N.Əliyev oyanıb və bütün orqanları normal şəkildə funksiyasını yerinə yetirir: "Danışır və huşu yerindədir. Onun palataya nə zaman köçürüləcəyini deyə bilmərəm. Düşünürəm, 1 aylıq reabiltasiyadan sonra Nəriman Əliyev iş fəaliyyətinə başlayacaq”.
Qeyd edək ki, yanvarın 10-da 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı, 50 yaşlı Nəriman Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib, əməliyyat olunub.
Şərhlər