Bu gün UEFA Millətlər Liqasının ilk mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, 2018/19 mövsümündə quruma üzv olan 55 ölkənin millisi mübarizə aparacaq.
Yığmaların UEFA reytinqinə görə 4 liqada qüvvəsini sınayacaq yarış iştirakçıları İsveçrənin Lozanna şəhərindəki püşkatmada qruplara bölünüb. A və B liqalarında yer alan komandalar hərəsi 3 yığmadan ibarət 4 qrup təşkil edib. C liqasında üç qrup 4, bir qrup 3 millidən ibarətdi.
Ən zəif 16 komandanın yer aldığı D liqasında isə 4 qrupun hər birində dörd komanda çıxış edəcək. Püşkatmaya 1-ci səbətdən qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız III qrupunda yer alıb. Komandamız bu mərhələdə Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.
A liqası
I qrup: Hollandiya, Fransa, Almaniya.
II qrup: İslandiya, İsveçrə, Belçika.
III qrup: Polşa, İtaliya, Portuqaliya.
IV qrup: Xorvatiya, İngiltərə, İspaniya.
B liqası
I qrup: Çexiya, Ukrayna, Slovakiya.
II qrup: Türkiyə, İsveç, Rusiya.
III qrup: Şimali İrlandiya, Bosniya və Herseqovina, Avstriya.
IV qrup: Danimarka, İrlandiya, Uels.
C liqası
I qrup: İsrail, Albaniya, Şotlandiya.
II qrup: Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan.
III qrup: Cənubi Kipr, Bolqarıstan, Norveç, Sloveniya.
IV qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya.
D liqası
I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan.
II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus.
III qrup: Kosovo, Malta, Farer adaları, Azərbaycan.
IV qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya.
Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq. Komandalar dairəvi sistemlə 2 dövrədə mübarizə aparacaq.
A liqasında qrup qalibləri 2019-cu ilin iyununda Millətlər Liqasının medalları uğrunda yarımfinal və final matçına çıxacaq.
A, B və C liqalarının qruplarında sonuncu yeri tutan yığmalar növbəti turnir üçün aşağı dəstəyə yuvarlanacaq. Yəni A liqasının sonuncuları B, B-nin sonuncuları C, C-nin sonuncuları D-yə düşəcək.
B, C və D liqalarının qrup qalibləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə oynamaq hüququ qazanacaq. Azərbaycan millisi də C liqasına yüksəlmək üçün öz qrupunda 1-ci yeri tutmalıdı.
Bundan başqa, komandaların qrup mərhələsində tutduğu mövqe onların AVRO-2020-nin püşkatmasında hansı səbətdə yer alacağını müəyyənləşdirəcək. 2019-cu ilin dekabrındakı mərasimdə Azərbaycan millisinin IV, V və ya VI səbətdə olacağı da nəticələrindən asılıdı.
Millətlər Liqası həm də AVRO-2020-yə 4 vəsiqə verəcək. Hər liqadan 1 komanda buna nail olacaq. Həmin xoşbəxtin adı 2020-ci ilin martında baş tutacaq pley-off mərhələlərində bəlli olacaq.
Pley-offa isə qrupun AVRO-2020-yə vəsiqə qazanmayanlar arasında ən yaxşısı qatılacaq. Qrupun ən yaxşısı seçmə mərhələnin 10 qrupunda ilk 2 yeri tutanlar nəzərə alınmadan müəyyənləşəcək.
Bir sözlə, Azərbaycan millisi AVRO-2020-yə vəsiqə qazanmaq üçün qrupda 1-ci yerlə pley-offa yüksəlməlidi. Təbii ki, seçmə mərhələdə möcüzə gerçəkləşdirsə və final raunduna yüksəlsə, pley-offa 2-ci yerin sahibi yollanacaq. Millətlər Liqasında qrupumuzda bizdən yüksək yer tutan komanda seçmə mərhələdə vəsiqə əldə etsə, pley-offa yollanmaq şansı qazanacağıq.
Qeyd edək ki, artıq oyunların keçirilmə tarixləri də bəllidi. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.
Qrup mərhələsi
I tur – 6-8 sentyabr 2018
II tur – 9-11 sentyabr 2018
III tur – 11-13 oktyabr 2018
IV tur – 14-16 oktyabr 2018
V tur – 15-17 noyabr 2018
VI tur – 18-20 noyabr 2018
Final mərhələsinin püşkü – dekabr 2018
Final mərhələsi – 5-9 iyun 2019
Pley-offun püşkü – 22 noyabr 2019
Pley-off – 26-31 mart 2020
Şərhlər