Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi
Milli Məclisdə Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif irəli sürülüb.
Qaynarinfo-nun məlumatına görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:
"Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayaq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər