Devrilmiş Suriya diktatoru Bəşər Əsəd və ailəsi 2024-cü ilin dekabrında Suriyadan qaçdıqdan sonra Moskvada məskunlaşıb və burada Rusiya xüsusi xidmət orqanlarının himayəsi altında son dərəcə dəbdəbəli həyat sürür. Əsəd və ətrafı paytaxtın elit restoranlarına gedir, ən bahalı mənzillərdə yaşayır və faktiki olaraq tam cəzasızlıq şəraitindən yararlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə ”The New York Times” Əsəd ailəsinin dostları, Rusiya və Suriya diplomatik dairələrindəki mənbələr, eləcə də ailənin sosial şəbəkə paylaşımlarına istinadla
yazır.
Detallar
Nəşrin məlumatına görə, Əsədlər ailəsi Rusiyaya təcili təxliyə olunduqdan sonra əvvəlcə "Four Seasons” otelində yerləşib. Burada lüks apartamentlərin həftəlik qiyməti 13 min dollara çatır. Daha sonra Bəşər Əsəd Moskvanın "Federasiya qülləsi” göydələnində yerləşən iki mərtəbəli penthausa köçüb.
Diplomatlar və keçmiş suriyalı məmurlar arasındakı mənbələr bildirir ki, sonradan Əsəd Rublyovka adlı elit ərazidə yerləşən şəxsi villaya aparılıb. Rusiya xüsusi xidmət orqanları ailəni gecə-gündüz qoruyur və onların informasiya məkanını ciddi şəkildə nəzarətdə saxlayır. Məsələn, eks-prezidentin 24 yaşlı oğlu Hafiz Moskvada gəzintisini əks etdirən video paylaşdıqdan dərhal sonra Rusiya hakimiyyəti onu silməyə məcbur edib və açıq fəaliyyətini dayandırıb.
Bəşər Əsədin qardaşı Maher Əsəd – elit Dördüncü diviziyanın keçmiş komandiri, çoxsaylı hərbi cinayətlərdə və narkotik ticarətində ittiham olunan şəxs – də Moskvada yaşayır. Onu tez-tez "Capital Towers” göydələnləri ətrafında və "Afimoll” ticarət mərkəzində yerləşən dəbdəbəli "Myata Platinum” qəlyanxanasında görüblər. Şahidlərin sözlərinə görə, o, üzünü kepka ilə gizlətməyə çalışır.
Maraqlıdır ki, qardaşlar keçmiş tabeliyində olanlara fərqli münasibət göstərir. Mənbələrin dediyinə görə, Maher öz zabitlərinə Rusiyada yerləşmək üçün maddi yardım edir, Bəşər isə ən yaxın çevrəsini taleyin ümidinə buraxıb.
Köməkçinin hekayəsi
Jurnalistlər Bəşər Əsədin şəxsi köməkçisinin hekayəsini də nəql edirlər. O, illərlə diktatorun arxasınca çamadan daşıyıb. 2024-cü ilin dekabrındakı qaçış zamanı onu sənədsiz və əşyasız şəkildə Moskvaya aparıblar. "Four Seasons” otelində digər qulluqçularla bir otaqda yerləşdirilsə də, sonradan ona ödənilməsi mümkün olmayan hesab təqdim edilib. Əsəd köməkçisinin zənglərinə cavab verməyib.
Nəticədə Rusiya rəsmiləri müdaxilə edərək qulluqçuları köhnə sovet hərbi bazasına köçürüblər. Moskvada yaşamaq üçün pulu olmayan köməkçi Suriyaya qayıdıb və hazırda məsuliyyətdən yayınmaq ümidi ilə dağ kəndində gizlənir.
"Bəşər elə bil heç nə olmayıbmış kimi həyatını yaşayır. Burada olanda bizi alçaldırdı, gedəndə isə satdı”, – deyə onun keçmiş həmkarlarından biri bildirib.
"Qızıl gənclik” həyatı davam edir
Diktatorun uşaqları da əvvəlki "qızıl gənclik” həyatını sürdürür. Bəşərin qızı Zeyn Əsəd iyun ayında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MGİMO) bitirib. Məzuniyyət mərasimində onun qardaşları və anası da iştirak ediblər.
Xatırladaq ki:
•Əsəd rejimi 2024-cü ilin dekabrında üsyançıların təzyiqi altında süqut edib.
•O, Suriyanı 20 ildən çox idarə edib; hakimiyyəti müxalifətin amansız şəkildə boğulması, öz əhalisinə qarşı kimyəvi silahların istifadəsi və yüz minlərlə insanın ölümünə, milyonlarla qaçqının yaranmasına səbəb olan vətəndaş müharibəsi ilə yadda qalıb.
•Rusiya Əsəd rejiminin əsas müttəfiqi olub, ona hərbi və siyasi dəstək verib.
•Daha əvvəl "The Guardian” yazmışdı ki, Əsədin uşaqları və həyat yoldaşı vaxtlarının böyük hissəsini alış-verişə sərf edir, Moskvadakı yeni evlərini bahalı əşyalarla doldururlar.
•Qızı Zeyn mütəmadi olaraq bahalı geyimlər alır, elit pedikür salonuna yazılıb və Moskvada yüksək səviyyəli idman klubunun üzvüdür. Əsədin uşaqları tez-tez BƏƏ-yə də səfər edir, anası Əsma isə ən azı bir dəfə onlara qoşulub.
Alpər
Şərhlər