Dortmund Prokurorluğu İkinci Dünya müharibəsi zamanı Vestfaliyadakı “Stalag 326 VI K Senne” hərbi əsir düşərgəsində mühafizəçi kimi xidmət etmiş 105 yaşlı kişi barəsində araşdırma aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bild” yazıb.
Almaniya KİV-lərinin məlumatına görə, kişi düşərgədə xidmət etdiyi dövrlə əlaqədar çoxsaylı qətllərə yardım etməkdə şübhəli bilinir. Araşdırma Lüdviqsburqdakı Milli Sosializm Cinayətlərinin Araşdırılması üzrə Mərkəzi İdarənin materiallarından sonra başlayıb. İlkin olaraq iki keçmiş mühafizəçi yoxlanılıb, lakin şübhəlilərdən biri artıq vəfat edib.
“Stalag 326 VI K Senne” düşərgəsindən 300 mindən çox hərbi əsir keçib. Onların əksəriyyəti SSRİ-dən olan hərbçilər olub. Düşərgədə fransız, polyak, serb, italyan və belçikalı hərbçilər də saxlanılıb.
Məhbuslar aclıq, xəstəlik, qəddar rəftar və ağır sanitar şəraitdən əziyyət çəkib, həmçinin məcburi əməyə cəlb olunublar. Şübhəli şəxs Almaniya tarixində cinayət işlərinin ən yaşlı fiqurantlarından birinə çevrilə bilər.
Almaniyada qətl və qətlə yardım cinayətlərinə iddia müddəti tətbiq olunmur. Buna görə də şəxsin yaşı öz-özlüyündə araşdırmaya maneə deyil. İş üzrə məhkəmənin keçirilməsinin mümkünlüyü, digər məsələlərlə yanaşı, 105 yaşlı kişinin səhhətindən asılı olacaq.
Aydın
Şərhlər