XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ağıllı eynəklərlə bağlı araşdırma - Qadınlar şikayətçidir
Texnologiya19:23 23.09.2026

Ağıllı eynəklərlə bağlı araşdırma - Qadınlar şikayətçidir

Fransada kameralı ağıllı eynəklərdən insanların, xüsusilə qadınların razılığı olmadan görüntülərinin çəkilməsi və sosial şəbəkələrdə paylaşılması ilə bağlı şikayətlər artıb.

Qayanrinfo xəbər verir ki, Paris Prokurorluğu son dövrlərdə bu tip cihazlardan istifadə edilməklə qadınların küçədə gizli şəkildə lentə alınması və görüntülərin internetdə yayılması hallarının çoxaldığını açıqlayıb. Bununla bağlı bir sıra araşdırmalara başlanılıb.

Prokurorluq xatırladıb ki, şəxsin razılığı olmadan onun görüntüsünü və ya səsini istifadə etməklə hazırlanmış materialların yayılması Fransada 2 ilədək həbs və 45 min avro cərimə ilə nəticələnə bilər. Bəzi hallarda görüntü çəkilişi zamanı razılıq olmadan cinsi xarakterli təmasın da baş verdiyi və bu hadisələrin cinsi təcavüz ittihamı ilə araşdırıldığı bildirilib.

Uşaqların və gənclərin internetdə təhlükəsizliyinin təmin edilməsi və kiberzorakılıqla mübarizə aparan Fransanın e-Enfance təşkilatı da ağıllı eynəklərlə gizli çəkilən görüntülərin internetdə paylaşılmasının artması ilə bağlı xəbərdarlıq edib.

Təşkilat sentyabrın 8-dək qadınlardan təxminən 20 müraciət aldığını bildirib. Şikayətlərin böyük hissəsində “Meta” şirkətinin ağıllı eynəklərindən istifadə edildiyi qeyd olunub.

Hadisələrdən birində Parisdə keçirilən küçə musiqisi festivalı zamanı bir şəxsin “Meta” markalı ağıllı eynəklə gənc qızı gizlicə lentə aldığı və görüntüləri “TikTok”, “Instagram” və “X” platformalarında paylaşdığı bildirilib. Görüntülər qısa müddətdə yayılıb və gənc qız təhqir və ölüm hədələri ilə üzləşib.

e-Enfance təşkilatının nümayəndələri bildiriblər ki, bu cür hallarda görüntüləri çəkilən şəxslər sosial şəbəkələrdə lağ obyektinə çevrilir, qadın düşməni təhqirlərə və təhdidlərə məruz qalırlar.

Təşkilat ağıllı eynəklərin hazırlanması mərhələsindən etibarən daha ciddi nəzarət mexanizmlərinin tətbiq edilməsinə çağırıb. Avropanın digər ölkələrində də bu cihazların mümkün sui-istifadəsi ilə bağlı narahatlıqlar artır.

Qeyd edək ki, “Meta” şirkəti “Ray-Ban”ın istehsalçısı “EssilorLuxottica” ilə birgə hazırladığı ağıllı eynəklərdən 2025-ci ildə 7 milyon cüt satdığını açıqlayıb.

Aydın