Bakıda bankomatda hesabı açıq qalan qadının 1 134 manatını çıxaran şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmə qarşısında 1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən və əvvəllər məhkum olunmuş şəxs dayanıb. O, Abşeron rayonunun Qobu qəsəbəsində yaşayıb və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilib.
İttihama görə, hadisə Qara Qarayev prospekti 79 ünvanında, “Tamstore” marketin qarşısındakı bankomatda baş verib.
Qadın bankomatda əməliyyat apararkən çətinlik çəkib və təqsirləndirilən şəxsin məsləhəti ilə “xeyr” düyməsini basıb. Daha sonra kartını götürərək bankomatdan uzaqlaşıb, lakin hesabı açıq qalıb.
Təqsirləndirilən şəxs ekranda hesabda 1 134 manat olduğunu görərək məbləğin hamısını nağdlaşdırıb.
Polisin apardığı araşdırma zamanı ərazidəki kameraların görüntüləri əsasında onun kimliyi müəyyənləşdirilib.
Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib və peşman olduğunu bildirib. 1 134 manat zərərçəkmiş şəxsə tam ödənilib, tərəflər barışıblar və qadının heç bir şikayəti qalmayıb.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edib. Ziyanın ödənilməsi, peşmanlıq, barışıq və himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.
Nəticədə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. İbtidai istintaq zamanı tutulduğu 2 gün nəzərə alınaraq, qalan cəza müddəti 1 il 11 ay 26 gün müəyyən edilib.
Aydın
Şərhlər