"Əslində, bunlar meyxanaya deyil, yüksək səsə qarşı çıxan insanlardır. Bu, haqlı narazılıqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında meyxanaçıların yüksək səslə meyxana deməsi ilə bağlı sakinlərin narazılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, səs-küydən narahat olan şəxslər etirazlarını bildirməlidirlər:
“Adi qonşunun, qonşunun həyətinin səsi gələndə belə, ən azı balkona çıxıb etirazımızı bildiririk. Həmin obyektdən davamlı olaraq səs gəldiyinə görə camaat haqlı narazılığını bildirib. Burada meyxananın adı çəkilmir. Obyekt meyxana üzərində qurulmayıb. Qonşular səs-küyə etiraz ediblər. Görünür, səs həddindən artıq yüksək olub”.
Rüfət Nasosnu bildirib ki, onun yaşadığı mənzilin arxasında da restoran fəaliyyət göstərir:
“Orada musiqinin səsi çox yüksək olanda mən də etirazımı bildirmişəm. Sağ olsunlar, sözümü eşidib səsi azaldıblar. Heç kimi qınamaq lazım deyil, bu, sadəcə, səhlənkarlıq olub. Obyekt sahibi də üzr istəyib, məsələ bununla bitib. Əgər belə hal bir daha təkrarlanarsa, o zaman bunu nöqsan hesab etmək olar. Saat 23:00-dan sonrakı vaxta gəlincə, gecə saatlarında musiqinin səsini yüksək saxlamaq olmaz. Çünki hansı evdə kimlərin yaşadığını bilmirik. Hər bir evin öz problemi var, xəstələri nəzərə almaq lazımdır. Toylarda musiqinin səsi yüksək olanda yanındakı insanın nə danışdığını eşitmirsən. Biz yüksək səsə öyrəşmiş insanlar belə, gecə evə gələndə yata bilmirik. Görün, adi vətəndaşlar nələr çəkir. Allah kömək olsun”.
Rüfət Nasosnu sonda yüksək səsə etiraz edən sakinlərə də müraciət edib:
“Yaxşı olar ki, Masazırda yaşayanlar tıxacdan da şikayət etsinlər. Ən böyük problem ortada qalıb, bunlar isə səsdən danışırlar”.
Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında meyxanaçıların deyişməsi sakinlərin narazılığına səbəb olub. Qonşular meyxanaçıların səs-küy qaydalarına riayət etmədiklərini bildiriblər.
Bahar Rüstəmli
Şərhlər