XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?
Ekonomiks11:31 24.09.2026

Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?

Bakıda Formula 1 həftəsi başlayıb və şəhərdə yarışla bağlı hazırlıq işləri yekunlaşıb. Yarış günlərində turist axınının, otel və restoran xidmətlərinə tələbatın artması gözlənilir.

Bəs Formula 1-in Bakı iqtisadiyyatına real təsiri nə qədərdir və yarışdan ən çox hansı sahələr faydalanır?

Turizm eksperti, Skal Baku Turizm Peşəkarları təşkilatının sədri Ceyhun Aşurov Qaynarinfo-ya bildirib ki, 2016-cı ildə Avropa Qran-Prisi adı ilə start götürən Bakıdakı Formula 1 yarışının bu il 10 illiyi qeyd olunur. Onun sözlərinə görə, ilk illərlə müqayisədə son dövrlərdə yarışa maraq əhəmiyyətli dərəcədə artıb:

"İlk illərdə, əsasən, yerli insanların bu tədbirdə iştirak etdiyini görürdüksə və biletlər tam satılmırdısa, son dövrlərdə demək olar ki, bütün biletlər satılır. Hətta bunu Bakı şəhərinə gələn turistlərin sayında da hiss edirik. Otellərin doluluq səviyyəsi də bunu deməyə əsas verir. Hazırda Bakı şəhərində otellərin doluluq səviyyəsi 90 faizdən yuxarıdır. Satış qiymətlərindən də doluluğun və tələbatın artdığını görmək mümkündür. Əlbəttə ki, turistlərin qısa müddət ərzində ölkəmizə gəlməsi iqtisadi aktivliyə və canlanmaya səbəb olur. Çünki qısa müddətdə minlərlə insanın ölkəmizə gəlməsi həm də istehlakçı sayının artması deməkdir. Bu, ticarət dövriyyəsinə və ictimai iaşə sahəsindəki dövriyyəyə təsir göstərir. Eyni zamanda, Bakıda mövcud olan digər turizm məhsullarından istifadənin artması, tarixi abidələrə ziyarətlərin çoxalması və turistlərin asudə vaxtlarında Bakının görməli yerlərinə qısa marşrutlar təşkil etməsi də buna nümunədir".

Ekspert qeyd edib ki, Formula 1-dən ən çox təsirlənən sahələr ilk növbədə nəqliyyat, otel xidmətləri və bilet satışlarıdır:

"Bunların hamısında qısa müddətdə ciddi aktivlik müşahidə olunur. Uzunmüddətli dövrdə isə bu yarışın əhəmiyyətini onunla əlaqələndirmək olar ki, artıq yeni ölkələrdən, xüsusən Çindən, eləcə də Şərqi Avropa, Avropa, Rusiya və Orta Asiya ölkələrindən sırf yarışı canlı izləmək üçün Azərbaycana gələn insanlar var. Azərbaycanın və Bakının turizm destinasiyası kimi tanınmasında belə yarışlar, xüsusən də Formula 1, çox ciddi platformadır. Buraya gələn insanların ölkəmizlə bağlı sosial media və internet üzərindən paylaşım etməsi müxtəlif auditoriyalarda Azərbaycanın tanınmasına xidmət edir".

Ekspert bildirib ki, eyni zamanda, onlayn platformalarda və televiziya yayımında yayımlanan görüntülər, müxtəlif mediada yarışın Bakıda və Azərbaycanda keçirilməsi ilə bağlı xəbərlərin paylaşılması ölkəmizin dünya mediasında daha geniş şəkildə tanınmasına imkan yaradır:

"Bu, böyük auditoriyanın diqqətini Azərbaycana və Bakıya yönəldir. Formula 1 yarışının keçirilməsi ölkəmizin turizm baxımından tanınması üçün ciddi əhəmiyyət daşıyır və faydalı hesab olunur. Ümumiyyətlə, Formula 1 yarışının 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. Hər növbəti il yarışın əvvəlki illərlə müqayisədə daha dinamik, daha canlı və iştirakçı sayına görə daha aktiv olduğu müşahidə olunur".

Şəbnəm İbrahimxəlilova