İdman 17:12 19.01.2021

Millimizin baş məşqçisi koronavirusdan sağaldı, Bakıya gəlir

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva yanvarın 21-də Azərbaycana gələcək.

"Report"un məlumatına görə, braziliyalı mütəxəssisin Bakıya qayıdışının gecikməsi həm koronavirus, həm də bilet məsələsi ilə bağlıdır.

Yanvarın əvvəlində infeksiyaya yoluxmuş 53 yaşlı baş məşqçinin son testinin cavabı mənfi çıxıb. O, artıq Braziliyanı tərk edərək, Bakıya yola düşüb.

Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşan milli komanda Bakı İdman Sarayında məşq edir. Yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.