"İyunun 12-də baş tutan humanitar addımda Rusiyanın iştirakının olmaması sırf Azərbaycanın prosesdə Moskvanın vasitəçiliyini istəməməsindən qaynaqlanır”.
Bunu Qaynaqinfo-ya açıqlamasında QAFSAM-ın sədri Araz Aslanlı 15 erməni diversant əsirin qaytarılması müqabilində İrəvanın Ağdamın mina xəritələrini Azərbaycana verməsi ilə bağlı vasitəçilik missiyasından Rusiyanın kənarda qalması səbəblərini şərh edərkən deyib:
"Rusiya prosesdən kənarda qalmağı, ümumiyyətlə, düşünmür. Bu mənada mina xəritələrinin verilməsi və bəzi diversant əsirlərin qaytarılmasında Moskvanın iştirak etməməsini şimal ölkəsinin prosesi əldən verməsi kimi başa düşmək doğru yanaşma deyil”.
Həmsöhbətimiz dedi ki, Rusiyanın regiondakı marağı ilə Azərbaycanın və bəzi hallarda Ermənistandakı qərbpərəst qüvvələrin anoloji maraqları üst-üstə düşməyib. Ona görə də sözügedən mina xəritələrilə əsirlərin dəyişdirilməsi məsələsində Moskva kənarda qalıb:
"Yəni tərəflərin regionla bağlı maraqlarındakı fərqlilik prosesdə belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Bu fərqlilik bir neçə dəfə regionda münaqişənin həllinə maneə olan amil kimi özünü göstərib”.
Ekspertin fikrincə, əslində Rusiya həmin prosesə daha yaxşı töhfə verə bilərdi:
"Bunun əvəzində görürük ki, daha az töhfə verir, onun bu istiqamətdə fəaliyyəti arzuolunan səviyyədə deyil. Hətta bəzən onlar prosesə maneə olur. Bunu 44 günlük müharibə dövründən başlayaraq, bu günə qədər cərəyan edən proseslərdə dəfələrlə görmüşük. Azərbaycan Rusiyanın tutduğu mövqedən tam razı qalmayıb”.
A.Aslanlı qeyd etdi ki, yaranmış vəziyyətdə Bakı prosesdə rol oynamaq üçün Qərbə də müəyyən şanslar verdi:
"Ona görə də sözügedən humanitar addımda Rusiyanın prosesdən kənar qalması onun özündən daha çox, Azərbaycanın prosesdə sırf Moskvanın vasitəçiliyini istəməməsindən irəli gəlir. Bu səbəbdən Bakı balanslaşdırılmış siyasətə uyğun olaraq prosesdə müəyyən qədər Qərbin də rol oynamasına şans yaratdı”.
Rüfət Sultan
Şərhlər