Hüseynbala Səlimov
Ölkə 11:11 24.08.2013

Minik avtomobili yük maşınının altına girdi: ölən var

Azərbaycanın Astara rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-ya verdiyi məlumata görə, hadisə avqustun 23-də saat 18.00 radələrində Ələt-Astara magistralının 230-cu kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb.
 Astara rayon sakini, 30 yaşlı Oqtay Asəf oğlu Məlikovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və İran İslam Respublikasının vətəndaşı, 50 yaşlı Piruz Hüseynbala oğlu Ruhizadənin idarə etdiyi “Volvo” markalı yük maşınının altına girib. Nəticədə "VAZ-2106"nın sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə briqadası cəlb olunub. Xilasedicilərin səyləri nəticəsində deformasiyaya uğramış VAZ-2106 markalı avtomobil “Volvo”nun altından çıxarılıb.
 İlkin versiyaya əsasən, qəzaya səbəb VAZ-2106 markalı maşının yüksək sürətlə hərəkət etməsi olub.
 Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info