Son illər həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən bir sıra beynəlxalq film festivallarında mobil nominasiya adına rast gəlirik. Hətta peşəkar festivallarda belə, bu nominasiyanın adı keçərlidir. Maraqlıdır ki, buna qədər həmin festivallarda iştirak etmək üçün şərtlər kifayət qədər ağır olub. Belə ki, filmin çəkildiyi lent, onun səslənməsi və s. keyfiyyətlərə ciddi diqqət edilirdi. İndi isə keyfiyyət məsələsində professional aparatlara uduzan mobil qurğularla çəkilən lentlər festivallara buraxılır.
Bəs görəsən, günümüzün reallığına çevrilmiş mobil filmlərin zəruriliyi nə dərəcədə vacibdir? Bu suala cavab tapmaq üçün kino mütəxəssislərinə müraciət etdik.
Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bir neçə il öncəyə qədər mobil telefonla çəkilmiş filmləri festivallarda görmək mümkün deyildi. Son illər isə mobil telefonların çəkiliş keyfiyyətinin artması, mobil cihazlarla çəkilən filmlərin istehsalına zəmin yaradıb. Bu tendensiya daha çox qısa filmlərdə öz əksini tapıb. Bunun başlıca səbəbi həm də istehsalın asanlaşması, çəkilən materialın daha çox sosial və ya sənədli mahiyyət daşımasıdır: "İndi dünyada sosial problemlərə maraq daha da artıb. Anında baş verən hadisəni yaddaşa köçürmək üçün bahalı kameranı gözləməyə vaxt, bəzən də imkan olmur. Bu baxımdan mobil cihazların müəyyən üstünlükləri var. Bundan başqa, mobil telefonla çəkilmiş qısa film müəllifin yaradıcılığının üzə çıxarılmasına daha çox yardımçı olur. Hansısa rejissor bahalı texnikası olmadığından müəyyən filmləri əl telefonu ilə çəkir və özünün nəyə qadir olduğunu sübut etmək imkanı qazanır. Bu baxımdan da bir çox beynəlxalq festivallarda mobil telefonla çəkilmiş filmlərin müsabiqəsi yeni istedad axtarışından irəli gəlir. Maraqlı cəhət budur ki, bu axtarışlar aparılarkən, paralel olaraq təşkilatçılar mobil filmlər festivallarına başlayıblar. Dünyanın bir çox şəhərlərində mobil filmlər festivalı var. Biz Bakı Beynəlxalq Qısa Filmlər Festivalı olaraq nominasiyalar arasına "telefonla çəkilmiş filmlər”i də əlavə etmişik. Bu addımı atmaqda əsas məqsədimiz yerli gənclər arasında istedadları daha tez tanıtmaqdır. Dediyim kimi, kiminsə bahalı kamerası olmaya bilər, amma telefonla çəkdiyi kadrlardan onun zövqünü, istedadını təyin etmək olar".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov isə mobil telefonların artıq peşəkar video keyfiyyət verdiyindən festivallarda belə nominasiyanın xüsusilə sənədli film festivallarında olmasını təbii hesab edir: "Telefonun kamera olaraq unikal üstünlüyü odur ki, o fantastik dərəcədə operativdir və peşəkar kameranın gecikdirə biləcəyi kadrı mobil telefon çatdıra bilər. Həm də telefonla çəkilmiş təsvir həyatımızda və müasir insanın mentallığında elə böyük yer tutub ki, onunla çəkilmiş filmin festival müsabiqəsinə qatılması çox normaldır”.
Buktreyler Festivalının təsisçisi və direktoru Ruslan Sabirli bunun ilk növbədə dünyada sürətlə inkişaf edən – sosial şəbəkələrin videofunksiya imkanları, yeni video tətbiqetmə (application) startapların yaradılması, yeni mobil telefonların kamera və videoçəkmə üstünlükləri və s. kimi texnoloji amillərlə bağlı olmasını vurğuladı: "Elə bir dövrə çatmışıq ki, bu gün mobil telefonla 4K film çəkmək mümkündür. Təsis etdiyim Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler Festivalında keçən ildən etibarən "Ən yaxşı mobil buktreyler" nominasiyasını festivalın proqramına daxil etmişik.
Səbəbini soruşsanız, bu, gənclərdən gələn istəklərlə bağlı oldu, çünki çox sayda "bizə kamera tapmaqda köməklik edin”, "istedadlıyıq, amma maddi imkanımız yoxdur özümüzü göstərməyə” və s. kimi müraciətləri alırdıq. Ona görə də bu istiqamətdə hansı həllər tapa biləcəyimiz haqda düşündük və əsas tərəfdaşımız olan Azercell şirkəti ilə birgə belə bir nominasiya təsis etdik. Çünki Buktreyler Festivalı ədəbiyyatı və mütaliəni təbliğ etməklə yanaşı, həm də gənc kinematoqrafları üzə çıxarmağa yönəlmiş bir layihədir. Gənclərə dəstək olmaq, istedadlı gəncləri kəşf etmək məqsədlərimizdəndir. Hətta sizə kiçik bir sirr də açıqlayım ki, yuxarıda dediklərimi nəzərə alıb Azərbaycanda yeni bir layihə - Mobil Film Festivalı da təsis etmişəm və inanıram ki, bu ildən reallaşdıra biləcəyik. Mən sizə deyim ki, ümumiyyətlə dünyada baş verən texnoloji yüksəliş tendensiyasından irəli gələrək Mobil Film Festivalları təsis edilmiş və mövcud uğurlu fəaliyyətdədirlər".
Qeyd edək ki, Bakıda keçirilən Buktreyler Festivalı və Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ötən ildən öz proqramlarına mobil nominasiya daxil ediblər.
Şərhlər