Hüseynbala Səlimov
Siyasət 10:06 23.11.2020

Molladan inciyib məscidi daşlamaq...

Hüseynbala Səlimov
 
Özünə qarşı kəskin və soyuq münasibət istəyirsənsə, sözünün kobudcasına kəsilməsini arzulayırsansa, azərbaycanlılara indi Qərbdən və onun siyasi–iqtisadi, liberal dəyərlərindən danış. Sənə elə mübasibət izhar edərlər ki, bir daha haradasa bu haqda danışmağa cəsarət etməzsən. 

Əlbəttə, insanları başa düşmək tamam mümkündür. Onlar on illərlə avropalılarn nağıl və bilməcələrinə qulaq asdılar, "Bu dəfə artıq Qarabağ yüz faiz qayıdar” deyib özlərinə toxtaqlıq verdilər, amma qayıtmadı Qarabağ və onu indi Azərbaycan əsgəri qaytarır. Bu azmış kimi, Avropanın liberal və post–liberal ölkələri dinc dayanmır, Fransa gündə min oyundan çıxır, Hollandiya gündə bir qərar qəbul edir və s. və i.a.

Amma mən bunları bir daha çək-çevir edib düşünərkən qədim məsəlimiz yadıma düşdü və belə bir qərara gəldim ki, molladan inciyib məscidi daşlamazlar. Demokratiya, Qərb dəyərləri dediyimiz anlayışlar cəmi bəşəriyyətə aiddir. Bu, məsələnin bir tərəfi. 

Digər tərəfdən, Qərbə qızanda heç kim demir ki, gəlin onların avtomobillərindən, qatarlarından və təyyarələrindən də tamamilə imtina edək, telefonlarını və noutbukların bir əskiyə büküb özlərinə qaytaraq!.. 

Bəli, min şükür ki, belə deyən yoxdur, çünki hamı anlayır ki, bütün bunlar inkişafdır, tərəqqidir və biz də bunlardan "şeytan əməli” deyib əl çəkə, imtina edə bilmərik...

Üstəlik, burada başqa detal da yadıma düşdü. Türkiyə Respublikasının banisi, böyük Atatürk bir müddət Qərbə qarşı vuruşmuş və hətta Rusiya, bəli, sovet Rusiyası ilə bir siyasi ittifaqda olmuşdu, çünki o vaxtki Qərb ölkələri qərar vermişdilər ki, Osmanlını tamamilə yer üzündən siləcəklər və onun ərazilərin öz aralarında böləcəklər. 

Belə bir vaxtda hərb və siyasət meydanına böyük Mustafa Kamal çıxdı, özü sümüyünə qədər qərbçi olduğu halda Qərb ölkələrinə qarşı vuruşdu, onları məğlub etdi, amma Osmanlını da ləğv etdi, yeni bir ölkə qurub adını Türkiyə qoydu və bu ölkəni Respublikaya çevirdi – seçkili prezident institutu yaratdı, parlament qurdu, insanlara siyasi azadlıqlar verdi, ilk siyasi partiyanı təsis etdi və Qərbə qarşı da siyasi-ideoloji  opponentlik etmədi, bir az keçəndən sonra Moskvanı da məyus etdi və onları başa saldı ki, onun fikri yeni şərq imperiyası və yaxud da daha bir kommunist imperiyası qurmaq deyil, yox, onun amalı və ya məqsədi türk xalqını və ölkəsini əsl Avropa dövlətinə çevirməkdir...

Bizə də Qərb heç də az iztirablar yaşatmayıb. Əlbəttə, onların Azərbaycanı bölərək başqa ölkələrə paylamaq fikirləri olmayıb, amma onun bir hissəsini ermənilərə hədiyyə etmək niyyətləri olub. 

Təxminən 30 il onun elçilərini qəbul edib yola saldıq. Fəqət, bir nəticəsi olmadı – bu adamlar bir dəfə olsun belə, erməniyə "Geri dur” demədilər, əksinə bizim qarşımıza sədd çəkdilər ki, özümüz torpaqlarımızı başqa üsullarla qaytarmaq fikrinə düşməyək. Biz də otuz il ərzində "nümunəvi bir xalq” olduq, daim başımızdan vurdular, "niyə vurursan? – demədik, bu adamlar bizə hiylə, bizsə onlara səmimiyyət göstərdik. Amma hər bir şeyin bir sonu olur – bizim də sadəlövhlüyümüzün vaxtı bitdi və düşmən daha bir hərbi təxribatı törədəndə "Daha yetər!” deyib silaha sarıldıq. Nəticəsi də göz önündədir, onların – Qərbin otuz il ərzində etmədiklərini əsgərlərimiz, ordumuz otuzca günə etdi...

Amma bütün bunlar Qərbə qarşı münasibətimizi, xüsusən də Qərb dəyərlərinə qarşı baxışımızı dəyişməməlidir: bu ölkələrlə işləməliyik, demokratiyanı da bir əskiyə büküb Qərbin sifətinə çırpmamalıyıq. Ola bilsin, Qərbdə bizimlə bağlı müəyyən stereotiplər qalır, onları dəyişib özümüz haqda daha pozitiv münasibət yaratmalıyıq. 

Ən əsası, Atatürkün siyasi taktikasını unutmamalıyıq: o, göstərdi ki, Osmanlıdan başqa, tam fərqli bir türk dövləti və xalqı da ola bilər. Bəli, o dedi və etdi – Qərb onun ölkəsinə savaş açdı, o, bu savaşı uddu və bütün Şərqdə ilk dayanıqlı və sabit cümhuriyyəti, Türkiyə respublikasını qurdu...