"Azərbaycan tərəfi Dağlıq Qarabağdan erməni silahlı birləşmələrini çıxarmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin Moskvada baş tutacaq görüşündən danışarkən deyib. Politoloq hesab edir ki, erməni yüksək rütbəlilərinin Qarabağa səfərləri ilə bağlı məsələ də görüşun müzakirə mövzularından biri olmalıdır:
"Amma biz ilin yekunlarına dair Putinin açıqlamasını unutmamalıyıq. Putinin fikrincə, Dağlıq Qarabağdakı erməni qüvvələrinin oradan çıxarılması nəzərdə tutulmur. Çünki Putun orada belə bir ifadə işlədib ki, tərəflər təmas xəttində olduğu yerdə qalacaq. Amma biz onu görürük ki, razılaşmanın 4-cü bəndində açıqca erməni silahlı qüvvələrinin rus sülhməramlılarının yerləşməsi ilə paralel şəkildə çıxarılması nəzərdə tutulub. Azərbaycan hər halda bu mövqeyini davam etdirəcək. Görək Rusiyanın mövqeyində bir dəyişiklik olacaq, ya yox.
İkinci məsələ, erməni yüksək rütbəlilərinin Qarabağa səfərləridir. Bu da əslində Dağlıq Qarabağa bir status verilib-verilməməsi ilə bağlıdır. Yəni, Dağlıq Qarabağ bu məsələdə necə bitərəfdir? Rusiyanın mövqeyi odur ki, Dağlıq Qarabağa bir tərəf kimi yanaşsın. İndi gözləyək, görək danışıqlardan sonra vəziyyət necə dəyişəcək? Təbii ki, danışıqlarda Dağlıq Qarabağ tərəf kimi ortaya çıxır".
Fərhad Mehdiyevin fikrincə, bağlı qapı arxasında Rusiyanın Dağlıq Qarabağa müəyyən bir statusun verilməsini dilə gətirməsi də istisna deyil:
"Çünki Putin orada yeni status-kvonun yaradılması və həll edilmədən gələcəyə saxlanılmasından danışır. Ola bilsin Putin bu məsələyə toxunmasın. Bundan sonra Naxçıvana dəhliz açılacaq. Görüşdə bu mövzular müzakirə olunacaq".
Bahar Rüstəmli
Şərhlər