Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının jesti olduqca maraq doğurub.
Qaynarinfo xəbər verir ki, bu haqda Xəzər TV-nin yaydığı süjetdə məlumat verilib. Məlumata görə, Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz gecə saat 12 tamam olan kimi, sərhədi keçib. Özü də Milli qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırdığı maşını ilə.
Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlaşdırıb. Viza rejiminin ləğvini eşidən Yılmaz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.
O, Azərbaycana gəlməzdən öncə avtomobilinə Milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib. Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək qəhrəmanımızn böyüdülmüş şəklini çap etdirib.
Yılmaz Dilsiz deyir ki, bura gəlməzdən öncə bir çox ölkələrdə olub. Bakı isə onu xeyli təəccübləndirib. O, viza rejiminin aradan qaldırılmasının Türkiyədən gələnlərin sayını artıracağını deyir.
Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərara əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları 30 günədək Azərbaycanda qala bilərlər.
Şərhlər