Xəbər lenti

Maqazin 10:55 04.09.2020

"Müğənni olanda nə olar? ... Haqsızlığa etiraz etməyi bacarmalıdır" - Müğənni Elvin Mirzəzadə

Gənc müğənni Elvin Mirzəzadənin Qaynarinfo-ya müsahibəsi

- Elvin, salam, necəsən? Karantin necə gedir deyəcəm, amma deyəsən, ehtiyac yoxdur. Görünən odur ki, pis gedir. Toyların bağlanmasına görə deyirəm...

- Çox sağ ol, yaxşıyam. Yaxşı olasan. Belə bir misal var, "elnən gələn bəla toy-bayramdı". Bunu şüar tutaraq yaşayıram. Pis gündən daha pisi də olur. Ona görə çox da üsyan eləməyin adı yoxdur. Ən azı özüm üçün.  

- Bəs, necə dolanırsan? Aydındır ki, toy, xidmət sektorunda olan hər kəs əziyyət çəkir. Əlavə gəlirin varmı? Hələ uzun müddət də toy olmayacaq.

- Əlavə gəlirim var. Ailədə tək qazanc əldə edən mən deyiləm. Şükür, normal şəkildə dolana bilirik. Bir narazılığım yoxdur özüm barədə. 

- Amma bəzi müğənnilər artıq az qala üsyan edir, görürük ki, vəziyyətlərindən narazıdırlar.

- Əgər vətəndaş mövqeyi baxımından edirlərsə, haqlıdırlar. Amma ancaq öz məqsədləri, mənfəətləri üçün edirlərsə, haqq vermirəm. Toya 10 minə gedən müğənni məncə, özü üçün etiraz etməməlidir. Çünki sən müğənnisən. Sənin gəlirin fəhlənin gəliri deyil ki, məsələn, 300 manat alasan, onun yarısı kirayə haqqı, yarısı da kommunala getsin. Bu gün də dolanmağa əziyyət çəkəsən. Sözüm gün ərzində ən azı 3 şou-proqrama gedən müğənnilərədir. Amma günlük restoranlarda ifa edən müğənnilər də var, hansı ki, tək gəlirləri ancaq ordandır, gündəlik 20-30 manat pul alırlar. Bu baxımdan onların vəziyyəti yaxşı deyil. Hara qədər? Onların etirazı da başa düşüləndir. 

- Elvin, səni daha çox "Düşün məni" mahnısından sonra tanıdıq. Buna kimi o qədər də məşhur deyildin. Baxmayaraq ki, xeyli mahnı oxuyub, verilişlərdə də olmuşdun. Hətta deyəsən, "Yeni Ulduz"da da iştirak eləmisən. 

- "Yeni Ulduz" mənim həyatımda bir tramplin idi. Bunu hər yerdə qeyd eləmişəm. Mən özüm "Yeni Ulduz 11"-də iştirak eləmişdim, amma onda bu veriliş artıq əvvəlki reytinqi vermirdi. Çox da izlənilmirdi deyə çox adamın da yadında qalmadım. Onda həm də çox gənc idim və öz mahnımla tanınmamışdım. Amma yenə də müəyyən kütlə oldu ki, tanındım, sevildim. Buna görə çox şadam. "Düşün məni" mahnısı isə mənə çox populyarlıq gətirdi. İndiyədək ən uğurlu işimdi. Həm də bəxtim onda gətirdi ki, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir vaxt oldu. Təbii ki, bunun da rolu danılmazdır.

- Onda bu mahnı ilə tanındığına görə məmnunsan? Yoxsa düşünürsən ki, sənin əsl istədiyin mahnı bu deyil? Bundan da yaxşılarını oxuya bilərdin?

- Sözsüz ki, bundan da yaxşı mahnılar olacaq. Amma hazırda budur. Kimə desən ki, Elvin Mirzəzadə, ağlına o mahnı gəlir. Məni tanımayanlar belə o mahnını tanıyır, dinləyib, eşidib. 

- Elvin, ümumiyyətlə, müasir Azərbaycan musiqisində bayağılığın bu qədər çox olmasının səbəbini bir müğənni kimi nədə görürsən? 

-Belə deyim, bayağılığın səbəbi deyilən bir şey yoxdur, məncə. Hər insanın özünün sevdiyi, zövqünü oxşadığı bir mahnı var. Bayağı mahnılar həmişə olub və olacaq. Bu, əvvəllər də belə idi. Məsələn, yadına gələr, o vaxtlarda adamlar bir-birinə gic-gic mahnılar göndərirdi, dinləyirdi. Nə bilim, "açıq-saçıq yupkası dar, o yana gedir, bu yana gedir" kimi. Aqilin mahnısı var idi - "Sarı çiçəyim". Çox idi belə bayağı mahnılar. Elə o vaxt da daha çox bu cür mahnılar məşhur idi, indi də. Elə də ciddi bir dəyişiklik yoxdur. O vaxt fərq onda idi ki, bu cür mahnılar efirə verilmirdi. İndi hər şey yaxşıdı, şükür, düzəlib. Amma bir ara efir kommersiyaya çevrilmişdi. İstəyən pulunu verir, çıxıb bu cür mahnılar oxuyurdu, radiolarda dinlədirdi. Təbii, bu gün bu dediklərim yoxdur. Amma bir ara oldu belə. Bir səbəb də budur elə.

- "Düşün məni" mahnısını da bayağı sayan çox adam var. Buna münasibətin necədir. Səncə, haqlıdırlarmı?

- Xeyr. Haqlı deyillər. Bayağı mahnı odur ki, sözlərində jarqon ifadələr olur, zərərli şeyləri, avaralağı və s. təbliğ edir. Ya da söz yığını olur. Nə bilim, çıxdım məhlədən, səni gördüm, yupkana baxdım və s. Üç akkorddan ibarət bir mahnı olur, çikko-çiko çikko-çiko. Vəssalam. Mənim mahnımda isə kifayət qədər yaxşı sözlər var və bu mahnını o qədər ziyalı insanlar bəyəndi, təriflədi ki, düşünürəm, bayağı deyənlər daha çox paxıllıq edənlərdir. Sözləri bir qırağa, musiqisi "Bayatı-şiraz" ladındadı. Məncə, bu cür mahnı bayağı ola bilməz. 
 


- Toylarda bayağı mahnılar oxuyursanmı? Yəni əksəriyyətin bayağı bildiyi sırf toy mahnıları.

- Bayağı heç bir mahnı oxumuram. Məncə, toy mahnısı başqa, bayağı mahnı başqa. Toy mahnılarına bayağı mahnı deyənlərin əksəriyyəti həmin mahnıları toyda sındıra-sındıra oynayır, ortalıqdan çəkilmirlər. Hətta dava da edirlər. 

- Düşünürsənmi ki, sənin oxuduqların əsl sənətdir? Heç biri bayağı deyil. Kim nə desə də. 

- Yox, əstəğfürullah. Mən bu cür böyük danışa bilmərəm, danışmaram. Mən sadəcə dövrün zövqünə uyğun olaraq mahnılar oxuyuram. Həm də, mənim mahnılarımı əgər dinləyirlərsə, tələbat varsa, deməli burda sənət də var. Pis, ya yaxşı, amma var.

- Elvin, onda zövqlər müxtəlifdirsə, hərənin bir zövqü varsa, bəs, zövqsüzlük nədir? Musiqi sahəsində nəyi zövqsüz hesab edirsən?

- Mənə elə gəlir ki, bu tək Azərbaycanda belədir. Nə bilim, filan mahnı bayağıdır, filan mahnı belədir. Bir ara "Gangam styl", "Despacito" mahnısı var idi. İzləmə rekordları göz qabağında, mükafatlar da oldu. Amma kim bilirdi o mahnının sözlərini? Nə deyirdi orda? Bəlkə elə söyürdü? Sadəcə ritmi var idi deyə sevildi və bir dövrdən sonra unuduldu. Musiqinin özünün də önəmi var bu baxımdan. Amma tam olaraq yox.

- Özün gənc müğənnilərdən kiminsə adını çəkə bilərsənmi ki, bu müğənni bayağıdı, oxuduğu mahnılar da yaxşı deyil? 

- Yox. Belə şeylər mənlik deyil. Ad çəkib söz-söhbət yaratmağa ehtiyac yoxdur. Amma yenə də deyirəm, bir müğənniyə tələbat varsa, onu böyük kütlə dinləyirsə, sən ha denən bayağısan..

- Elvin, ədəbiyyatla necə, aran varmı?

- Səmimi danışacam. Özümü ağıllı göstərməyim bəziləri kimi. Mən çox səbrsiz insanam. Kitab oxumağa heç cür səbrim çatmır. Bəlkə də bu bəhanədir. Bəlkə yox, elə dəqiq bəhanədir. Amma olan budur. Mütaliə eləməklə aram yoxdu. Nə qədər cəhd eləsəm də, 3-4 səhifədən o tərəfə getmir.  Amma bir çox kitablar haqqında çəkilmiş filmlərə baxıram. Yəni, həmin romanı oxumuram, amma filminə baxıram. 

- Onda sənə "Pinin həyatı" filminə baxmağı tövsiyyə edirəm...

-Təşəkkürlər. Baxacam (Gülür). Həqiqətən səbrim çatmır. Nə qədər cəhd elədim, olmadı. Yəni, heç oxumamışam da demək olmaz. Məktəbdə də, universitetdə də yaxşı oxumuşam. Azərbaycan dilini yaxşı bilirəm. Çox nadir hallarda səhv edərəm yazı yazan zaman. Sadəcə, tam səmimi, kitab oxumaqla aram yoxdur..

- Bəs, sosial şəbəkələrdə necə, gənc yazarları oxuyursanmı? Kimləri oxuyursan? 

- Kəramət Böyükçölü oxuyuram daha çox. Onu bəyənirəm. Maraqlı və istedadlıdır. Qızı haqqında bir yazısı var. Çox gözəl yazıdır. Elə digər yazıları da. Düzdü, bəzən yersiz statuslar yazır, yersiz davranır, amma yaxşı yazılarını bəyənirəm. 

- Mənə elə gəlir ki, gənc şairlərin şeirlərinə mahnı oxumaq daha yaxşı olardı. Yenilik olardı. Edirsənmi belə?

- Yenilik deyəndə etmişəm dəfələrlə. Məsələn, qiraətçi Xəzər Süleymanlının şeirlərinə oxumuşam.  

Həyatdan, sevgidən iştahım küsüb
İndi qəm yeyirəm, çörək yemirəm. 

Xəzərin şeirindəndir. Ümumilikdə çox oxumuşam. "Günahkaram", "Onun ürəyində özgəsi vardı", "Balıqçının üç arzusu", "Gəlmədin" və s. Ortalama 6-7 mahnı oxumuşam. Xəlil Adıgözəlin də şeirinə mahnı bəstələmişəm. Amma onu özüm oxumamışam. Hədiyyə eləmişəm. 

- Öz müğənnilərmizdən ən çox sevdiklərindən kimin adını çəkə bilərsən? 

- Ramal İsrafilov, Elçin Cəfərov, Elton Hüseynəliyev və s. çoxdur. Ağlıma ilk bunlar gəldi. 

- Bəs, klassik müğənnilərdən?

-Açığı, mütəmadi olaraq klassik musiqi dinləmirəm. Amma Teymur Əmrahın adını çəkə bilərəm dinlədiklərimdən. 

- Öz mahnılarına qulaq asırsanmı? Deyirsənmi, nə gözəl oxumuşam?

- Əvvəllər daha çox qulaq asırdım. Daha çox həmin mahnı uğur gətirəndə. Amma belə də hər gün oxuyuram məclislərdə. Elə dinləmiş kimi bir şeydi (Gülür). 

- Özünün konkret olaraq bir zövqün varmı? Yəni, ancaq bir tərz mahnılar? Dinlədiyin musiqilər ümumilikdə özün oxuduğun tərzdədir, yoxsa qıraqda, məsələn, ancaq muğam, rok və s. mahnılar dinləyirsən?

- O, ruh halımdan asılıdır. Oxuduğum tərz mahnılar bir az da kütlənin istədiyi mahnılardı. Ciddi mahnılar aydın məsələdir ki, dinlənilmir çox da. Məsələn, götürüm çox ciddi bir mahnı oxuyum, paylaşım, o tərəfdən də Bayram Nurlu bir şey desin. Təbii ki, mənim oxuduğum qalacaq bir qıraqda, Bayram Nurlunun hər hansısa bir məntiqsiz videosu minlərlə insan tərəfindən izləniləcək. Uğursuz bənzətmə olsa da reallıqdır. Ucuz şeylərə maraq daha çoxdur. Nə qədər kommersiya xarakterli olsa da, yaxşı mahnılar oxumağa çalışıram və düşünürəm ki, alınır da. 
Amma dediyim məsələ əslində çox da qınanmalı bir şey deyil. Yüngül mahnılar ona görə çox dinlənilir, videolar izlənilir ki, insanlar ümumi olaraq yorğundurlar. Səhərdən axşama kimi işləyən adam gecə yarısı evə gəlib ağır, klassik musiqi dinləyə bilmir. Bu cür olanda da yüngül şeylərə maraq daha çox yaranır. Gülmək istəyir adamlar. 

- Elvin, sərt karantin vaxtlarında bəzi müğənnilər daha çox narazılıq elədi. Öz dolanışığından əlavə başqa insanlar üçün edən də oldu. Bir növ insanlarla müğənnilər arasında mübahisə yarandı. Tənqid edən də oldu, təhqir də. Dəstək verən də oldu, verməyən də. Siyasi arenada isə ciddi qəbul olunmadı. Çünki əvvəldən sənət adamlarını etiraz edən görməyiblər. Və bəzi müzakirələr getdi. Ümumiyyətlə, necə düşünürsən, sənət adamı, müğənni etiraz eləməli, siyasətə qarışmalı, ortaya vətəndaş mövqeyi qoymalıdırmı? Yoxsa ancaq başını aşağı salıb toyuna gedib oxumalıdır?

- Başqaları üçün edənlər məncə, haqlıdırlar. Yəni, bu, daha vacib amildir. Mövqe isə təbii ki, olmalıdır. Müğənni də vətəndaşdır. Mən özüm də bu məsələlərlə bağlı sosial şəbəkələrdə yazmışam. Müğənni olanda nə olar? İnsanın öz fikri olmalıdır, haqsızlığa etiraz etməyi bacarmalıdır. Əslində, təkcə sənətlə məşğul olacaqsansa, ac qalacaqsan. Ya da sənətlə xobbi kimi məşğul olmalısan. Həyatı ancaq buna bağlamaq olmaz. Ən azında burdakı kütlə ilə, indiki dövrdə, indiki şəraitdə. Bizdə bu məsələlər həm də zəif inkişaf edib. Mən müğənni kimi də narazılıq bildirirəm. İnsanlar isə bizdən çox şey gözləyir. Məsələn, qonşu Türkiyəyə baxaq. Orda əhali də çoxdu. Müğənnilər tez-tez konsert verir, gəlirləri də əla olur. Bizdə bir müğənni iki ay dalbadal konsert verə bilmir. Bilməz. Kim olur olsun. Adam gəlməyəcək. Bizdə isə toya getməyi də qınayırlar. Yaxşı, mən necə dolanım? Konkret vətəndaş mövqeyi də sərgiləyəndə bəzi adamlar deyir ki, siz hansı gününüzə etiraz edirsiniz? Pulunuz var, oliqarxsınız. Etməyəndə də belə. Nə edək, necə edək?

- Amma bunun günahı həm də bəzi müğənnilərdə deyilmi? Neçə dəfə olub ki, ziyalı təbəqə onlar tərəfindən təhqir olunub, tənqidə təhqirlə cavab veriblər ki, bunu özün də görmüsən sosial şəbəkələrdə...

- Əlbəttə. O müğənnilərdə də günah var. Təhqir edənlər isə düz etmir. Yanlız sağlam tənqid lazımdır. Amma o cür müğənnilərin badına bizlər də günahkar kimi gedirik. 

- Elvin, toya nə qədər qonorar məbləğində gedirsən? Tanınmış bəzi müğənnilərin toy qiyməti ictimaiyyətə məlumdur. Məsələn, yarım saatı 5 minə gedən var, 10 minə gedən var. Bəs, sən yarım saata neçəyə gedirsən?

- Qiymət demək istəmirəm burda, amma baş kəsən deyiləm (Gülür). Zarafatsız, baş kəsən deyiləm. O, daha çox danışıq əsasında olur. Mən elə olub ki, deyiblər, səni istəyirik toyda, ailəlikcə səni dinləyirik, amma imkanımız yoxdu. Təmənnasız şəkildə oxumuşam. Qiymət məsələsində də heç vaxt heç kimlə problem olmayıb. Uyğun olub. Digər məsələyə qalanda isə əslində, bu da normaldı. Ümumiyyətlə, ilk olaraq bunu da deyim. Azərbaycanda fanat yoxdur. Yəni, bir adam səni pul qarşılığında toya çağırırsa nə fanat? Fanat ayrı anlayışdır. Bu artıq iş deməkdir. İndi bu baha gedən müğənnilər. Neyləməlidi? Məsələn, sən cərrahsan. Universiteti təzə bitirib işə başlayırsan. Tanınmırsan. Əməliyyat qiymətin də münasibdir. Amma zaman keçir, sən uğur qazanırsan, bacarıqlı olursan, hər yerdə səni istəyirlər, səni çağırırlar. Sən yenə eyni qiymətə əməliyyat edəcəksən? Təbii ki, yox. Bu da bir növ dəyərdir. Sənətə dəyər. Təbii bir şeydir.

- Yəni, yarım saata 5 min normaldır? 

- Orası artıq o müğənnilik və onu toyda görmək istəyənin arasındadır. O sənətinə o cür qiymət qoyur, dəyər verir. İstəmirsənsə, çagırmayacaqsan. Amma onu deyim ki, bu yerə qədər çatmaq asan iş deyil. Həmin müğənni də əziyyət çəkir. Qıraqdan sadə görünə bilər, amma vallah, elə deyil. Məsələn, mən özüm. 12-13 yaşımdan işləyirəm. Xaşxana kimi yerlərdə sintezator ifa edib, oxuyub pul qazanmışam, əziyyət çəkmişəm. Qəpik-qəpik yığıb studiyaya pul vermişəm, aranjıman eləmişəm, reklam eləmişəm. Bu gün də bu əziyyətim bəhər verib. Bunlar hamısı xərcdir. Musiqi ilə məşğul olmayanlara bunlar asan görünər. Amma dediyim kimi, qətiyyən elə deyil.

- Musiqi təhsilin var?

- Xeyr yoxdur. 

- Almağı düşünmürsən? Sabah məsələn, buna görə də tənqid oluna bilərsən.

- Bu sahə üzrə təhsil almağı düşünmürəm. Bu, vacibdir, amma məcburiyyət deyil. Mən belə də bu işi bacarıram. Düzdü, olsa, daha yaxşı olardı. Amma yoxdu və itirəcəyim, əksik hesab elədiyim bir tərəfi də yoxdur.

- Özünü bizə bir cümlə ilə ifadə eləsən, bu cümlə nə olardı?

- Özümü bir cümlə ilə çətin izah edim. Demirəm çox dərin insanam, yox. Sadəcə, belə deyim.  Başqa cür. Həyatımda atdığım heç bir addıma görə peşiman deyiləm. Vicdan əzabı çəkməmişəm. 

- Pis əməllərə görə də?

- Pis əməl deyəndə əzab çəkəcəyim bir pis addımım da olmayıb. Müəyyən səhvlər olub, amma bunlara görə də peşiman deyiləm. 28 yaşım var. Heç kimin yanında gözü kölgəli olmamışam. İndən belə də inanmıram belə olum.

- Karantin günlərində toya dəvət almısan?

- Yox. Toy var ki, dəvət də alam?

- Var deyəndə, gizli olub, gündəmdə də bu məsələlər var. Faiq Ağayev də mətbuata açıqlama verdi məsələn. Dedi, 3 toya dəvət almışam, amma imtina eləmişəm.

- Yox, vallah, məni dəvət edən olmayıb. Oturmuşam evdə (Gülür).

- Elvin, son olaraq müsahibəni axıra kimi oxuyanlara hansı musiqini dinləməyi tövsiyyə edirsən? Müsahibəni bitirən kimi o musiqini dinləsinlər.

- Əvvəla, müsahibə aldığına, dəyər verdiyinə görə təşəkkür edirəm. Axıra qədər oxuyanlar da sağ olsun ki, ilin-günün bu vaxtında səbrlə axıra qədər oxudular. Musiqiyə qalanda isə vallah, nə deyim? Konkret bir mahnı demək düz çıxmaz. Yenə də zövq məsələsi. Amma elə belə deyək. Kim indiyə qədər hansı musiqilərə qulaq asırdısa, hansı mahnıları daha çox sevirsə, elə onları da dinləməyə davam etsin..

Orxan Saffari

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?