Xəbər lenti

Müharibə haqqında tamamlanmayan yazımdan
Zakir Hüseynov
Ölkə 15:25 30.10.2020

Müharibə haqqında tamamlanmayan yazımdan

...Nə qədər desəm də ki qəlbləri dəyişdirmək , fəth etmək üçün ölmə, yaşa ey sönməz duyğu. Artıq gecdi. Səni itirmişəm. Son dəfə yandığın, şölə saçdığın anı düşünmək xoşbəxtliyi qalıb  ruhumda. Xoş məramlı əməl və xeyirxahlığı özümə başqaları üçün arzulayırdım, axı. Xızıra çevrilməkdi bu. 

Xoşbəxtlik bəxş etmək üçün var olmaq. Xızır da təkdi, mən də. Gedirdim ürəklərin qapısına sonra bu izləri itirdim bir xeyli vaxt  sadəcə közü qaldı. Özümün-özümə qoruyucu mələk olmağım bitdi.  Sonra özümü dünya evimin  eşik ağasına təhvil verdim, fövqəl bir qüvvə olaraq onun məni qoruyacagına tapındım. İndi məni işıqlı qəlbim deyil, keçmişdən gələn yoğrulmuş əzablarıma, bəzən də anamın allahı deyib  gecənin sahibi günüzün ağasının  məni qoruyacağı ümididir. Hazırda  tanrıya pənah gətirmişəm. Tanrı məni qoruyar həqiqətən qoruyur buna inanıram. Onun mənə verdiyi bir missiya var, dəqiqdir, amma bu da əsas deyil, bu yazıq quluna acıyır. Bəd əməllərimi bağışlayıb  insanlığımı itirməyim deyə  dəstək olur. Geriyə qayıtmağa güc varmı. Tövbə dirənişdirmi?  . Hansı gərəkir, tanrım mənə kömək ol.  

Arabir gəlib, qırılan belə düşüncələrlə yol xeyli qət edilmişdi.

Xəlillə Rəhim Qarabağda gedən döyüşlər zamanı tanış olmuşdular. Xəlil əfqan idi. Sonradan ona- yasamaq  arzusunu korkoranə həyata keçirən xarici qonağa- "boşluğun oğlu” adı verən Rəhim zülmət və yağışlı bir gecədə bu adamın belə ortamda-  qarşıda onları nələrin  gözlədiyini,  kimə görə, hansı əsaslı səbəbə  görə burda olmağın vacibliyini bilmədiyi halda, məşumiyyət və qorxunun hakim olduğu, arabir cana düşən  səksəkəni bir az da artıran, lakin dərə boyu cökmüş dərin zülməti sönük işıqlandıran səsi iləsə  dağı -daşı lərzəyə gətirən ildırımın heç diqqətə alınmadığı yad torpağın ölüm kvadratında  onun nə isi olduğunu kəsdirə bilmirdi. Məhz belə  vəziyyətdə Xəlil də içərisində olmaqla bir qrup  əfqanı gənc taqım komandirinə, yəni leytenant Əliyev Rəhimə  təqdim etmişdilər və düşmənlə üzbəüz yüksəkliyi tutmaq üçün çətin bir yola davam başlamışdı. 

Bu gecə (döyüş manevrində) də hər şeyə və hər kəsə yanaşmada sabit davranış itmişdi. Gecənin yarısında  onlara verilən  iki əl qumbarası və əllərindəki tank əleyhinə minalar ciynlərindəki avtomatdan və bütün silahların üzüsoyuqluğundan fərqli olaraq  özlərində,  üzərindəkilərdə, daşıdıqlarında baş verə biləcək  (kənar və daxili qüvvələrin yaradacağı) detonasiya (və ya rezonansdan partlayış təssəvvürünün) dəhşəti əsəb tellərini tarıma çəkmişdi. İsti və qızmar  qazların sürətli hərəkəti, yüksək sürətlə ayrılan enerji, qarsalayan alov və tətikləyən  təzyiqin içərisində özünü hiss etmək, ani partlayış və azqala bədənin paramparça olmağa macal tapmaması adamı üşəndirirdi. Hələ döyüş əmrinin sonunda  komandirin dediyi əsir düşmək quş olub kiminsə ovcunun içinə qonmaqdır sözləri daş kimi beyinlərdən asılmışdı. Tutqunluq, icə qapılmaq, dəyişiklik hamıda hiss olunurdu. 
Amma istehkamçı-minaaxtaran Elnurda- bu cüssəli adamda bunların  asossasiyası mütənasib deyildi. Uyğun gəlmirdi. 

Yeriyərkən ayı kimi pəncə basan,   həmişə şümal,  sərt sarı saçları  baş  geyiminin dövrələdiyi yerdəcə   qanrılan, iri burun pərələri cüssəsinə heybətli bir görünüş verən ləzgi Elnurun fısıltısi bir-iki dəfə bərkdən eşidildi. Onun tərəfmüqabili  hamının qaxlı deyə çağırdığı Təyyar cox cəlimsiz idi.  Belə əsgərləri əsasən arxa cəbhə xidmətinə ayırsalar da Təyyarın israrı, ağır təlimlərə  dözərək çalışmaları yerinə yetirməsi onun kəşfyyatçı qrup nəfəri kimi qalmağına səbəb olmuşdu.  Həddindən arıq bədəni,  hətta onu bir az qozbel göstərirdi. Arada gücü tükənirdi. Qaranlıq, yağış, yerin sürüşkənliyi onu təntitdiyindən arabir səntirləyir bu da Elnurda  təhlükəyə düşəcəkləri ilə bağlı qorxu yaradırdı və səbrsizləşdirirdi. Geridə qalmaqlarını dəstədən ayrı düşmək bununsa  həyanlarına heç kimin yetməyəcəyi kimi  təsəvvür etməsi onu cin atına mindirirdi.

Birdən - tez ol da, nə sürünürsən- deyə Elnur qışqıdı və əllərində daşıdıqları qutunu  Təyyara tərəf itələdi. Qutu onun ayağına çırpıldı.   Bu vaxt erməni səngərindən atılan fişəng göy üzünü və ətrafı işıqlandırdı. Göy üzündə  asılıb qalan fişəngin işığında   irəliləyən, çökən, ayaqüstə dayanan,  sliuetlər elə də uzun bir qatar təşkil etmirdi. 

Elnurun səsinə ayaq saxlayıb bir qədər geri adddımlayan şavuş Bəşirov çönüb matməəttəl bu iki əsgərə bir qədər baxdı.   Onları bütün hərbi hissədə barmaqla göstərilən edən güc və bacarıq tükənə biməzdi.  Bu ilk döyüş belə tezmi onları xaosa sürükləmiş və idarəolunmaz kütləyə çevirmişdi.  Yürüş edərkən işıq seli kimi axan bu qrupun irtibatının belə tez qırılaçagi inandırıcı deyildi.. Psixoloji gərginlik onları paçayaxa yaxalamışdımı. Bu yuxu idimi. Cantaraq Elnur adi gundə  kilometrlərlə yol  gedirdi.

İndi isə qan üzünə vurduğundan qıpqırmizı qızarmış Elnur nəfəs alıb verdikcə burun pərələri  şişir, qeyri- iradi hərəkətlər edirdi.  Xəlilin köməkləşmə arzusu özünü elə birinci Təyyarla bağlı biruzə vermişdi.  O gah  kiminsə əlindən sürüşüb düşən sursat yeşiyini çiyninə alıb daşıyır, gah səs çıxmasın deyə silahların qayış yerindəki dəmir keçirmələri  parça ilə sarıyırdı. Onun rus dilində bilməsi Rəhimin diqqətini cəlb etmisdi və dili hardan öyrənməsini kiçik bir fasilədə soruşmuşdu. Aydın olmuşdu ki,  Xəlil  Moskvada ali məktəb oxuyub.  Sonralar hansısa qeyri-leqal qrupların tərkibində döyüşlərdə olub. İndi də hansısa xəttin sifarişi üzrə buraya cəlb olunmuşdu. Beləcə dəhşətli gecənin qonağına çevrilmişdi. Indi isə milli ordunun əsgərləri ilə yeni Vətən üçün səadət mahnıları oxuyanların  cürətinə şərik çıxıb  yüksəkliyə doğru yıxıla- qalxa irəliləyir, dayanıb tövşüyür, sürünürdü. Həyatın hər anı bu an da daxil olmaqla sanki həndəsi düz xətt yox  həndəsi parça üzərində hər biri nəyisə ifadə edən bölgüləri mərhələymiş  kimi keçib lazımi sona çatmaq, nəyəsə çevrilmək, nəyəsə dönüşmək ,ümumiyyətlə, tam olmaq, bütövləşmək  üçün qırmızı xətləri aşmaq, çağ adlatmaq lazım gəlirdi. Bu- döyüşdə məglubiyyət  cəhənnəmindən qayıdanla   indi döyüşə gedənlərin psixologiyasında  təbiətin belə  gözəl guşəsində kəpənəklərin güldən-gülə  qonması  qədər təbəddülat, xəfiflik yaratmışdı. Affekt   halları bir bayqınlıq yox, durgunluq olacaqdı...

Zakir Hüseynov
Hərbi jurnalist

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->