Ümumdünya cazibə qüvvəsi, yaxud gənc Paris gözəl Afroditaya nə bağışladı?

Ümumdünya cazibə qüvvəsi, yaxud gənc Paris gözəl Afroditaya nə bağışladı?

Vüsal Bağırlı

İnformasiya saytlarının birində belə bir yazıya rast gəldim. Tanınmış bir həkim valideynlərə müraiət edərək, meyvə və giləmeyvələrin, xüsusilə, alça və çiyələyin uşaqlara yalnız öz mövsümündə verilməsini məsləhət görürdü.

Düzdür, pediatrın bu məsləhəti kənardan normal görünür. Amma, alçanın dadının deyil, qiymətinin turşluğu, ciyələyin isə allergik reaksiyasının yox, baha olması, bu meyvələri "alınmaz qala”ya, ekzotikaya çevirir. Əlbəttə, yalnız bunların deyil, şaftalı, armud, portağal və s. kimi klassik hesab edilən meyvələrin də qiyməti soruşduqda dil, toxunduqda əl yandıracaq qədər qalxıb.

İndi, hansısa ekspertdən bu məsələyə obyektiv və subyektiv münasibət bildirməsini xəbər aldıqda, əsas mövzu qalır bir tərəfdə, başlayır öz-özünü tənzimləyən bazar qanunlarından, tələblə təklifin qovuşmasından, Adam Smitdən, David Rikardodan dəm vurnağa.

Buna görə də, ən yaxşısı, məsləhətimizə yaxşıca qulaq asın və ucuzluğunu da, xeyrini də göz önünə gətirib alma alın, özü də yerlisini. 

Bəli, ölkəmizdə haqqında film çəkilmiş, həmçinin dünyanın ən böyük proqram təminatı şirkətinin simvoluna çevrilmiş bu dəyərli meyvə, vitaminlərlə zəngindir. Bütün formalarda- püre, qurudulmuş, kompot və ya mürəbbə halında da xeyirlidir. 

Tərkibindəki faydalı elementlərin orqanizmə rahat sorulması üçün almanı köklə, üzümlə, hətta bananla da qarışdırmaq olar.

Mifə görə, gənc Parisin bu meyvəni Afroditaya bağışlaması məşhur Troya müharibəsinə gətirib çıxarır. Bunu "münaqişə alması” deyilən bir terminlə ifadə edirlər. Yəni, hər hansı əhəmiyyətsiz, kiçik görünən əşya və ya hadisə, böyük miqyaslı gözlənilməz və dağıdıcı hadisələrə səbəb ola bilər.

Başqa bir əfsanədə isə tanınmış ingilis alimi İsaak Nyuton bağda istirahət edərkən, "tarapp” başına bərk bir şey düşdüyünü hiss edir. Məşhur alim əyilib, nə baş verdiyi ilə maraqlandıqda, bunun alma olduğunu görür və təəcüblənir. Axı, alma nəyə görə havada asılı qalmır və guppultuyla təpəmə düşür?
 Alim çox fikirləşir, az fikirləşir, dərə, təpə düz fikirləşir və ümumdünya cazibə qanununu kəşf edir.

Ümumiyyətlə, alma ilə əlaqədar mifoloji və folklor süjetlər bir çox incəsənət, ədəbiyyat və musiqi əsərlərində (Şillerin "Vilhelm Tell” dramında, Rossininin eyni adlı operasında, Karavaconun, Rafaelin rəsmlərində və s.) də geniş istifadə edilir.

Almada A, B, B2, B6, C vitaminləri orqanizmi təmin edəcək qədər boldur. Tərkibində maqniy, dəmir, fosfor, yod, bor, natrium, ftor, xrom, sink, nikel, molibden, vanadiy kimi faydalı mikroelementlər mövcuddur. Məsləhətdir ki, qabığını atmayasınız. Çünki, tərkibində güclü antioksidant sayılan flavonoid də var.

Orqanizmin virus və bakteriyalara qarşı təbii müdafiəsini təmin etmək üçün gün ərzində ən azı bir alma yeyilməlidir. "Antonovka” və "Simirinko” isə, daxilindəki faydalı xüsusiyyətləri daha uzun müddət saxlayan sortlar hesab olunur.

Ümumiyyətlə, yaşıl rəngli almalardakı dəmirin miqdarı, digər rənglərə nisbətdə bir qədər çox olur. Məktəb yaşlı uşaqlara və böyüklərə almanın dənəsini çeynəmək məsləhətdir. Bununla siz, sutkalıq yod ehtiyatınızı təmin etmiş olursunuz. Uşaqların dişlərinin normal inkişafı üçün də alma müsbət təsir göstərir.

Beləliklə, ailəlikcə almadan bol-bol istifadə edin, onda hər zaman sağlam və enerjili olacaqsınız. Həm də büdcənizə xeyli qənaət edəcəksiniz. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR