Publisistikanı nəzərə almasam, jurnalistikada ən xoşum gələn janr müsahibədir.
Jurnalistika haqda təsəvvürü üzdən olanlar elə bilirlər ki, müsahibə asan işdir. Yəni özün əziyyət çəkmirsən, müsahibin danışır, sən də köçürürsən – budur, yazı hazırdır. Boynuma alım ki, jurnalistliyə təzə başlayanda mən də o cür düşünürdüm.
Müsahibəni müstəntiq "dopros”uyla səhv salan jurnalistlər də az deyil. Düzdür, bu cür müsahibələr oxucularda daha çox maraq doğurur. Amma sizi bilmirəm, qarşısındakını zorla, ruslar demiş, "neprav” çıxaran jurnalistika mənlik deyil. Özümü müsahibini məşhər ayağına çəkən yox, tövbə qapısına gətirən jurnalistikaya aid olanlardan hesab edirəm.
Müsahibə müsahibin portretini onun öz sözləriylə "çəkmək” sənətidir. Müsahibin əsl surətini yaratmaq üçün o söz-rəngləri bir-bir ondan çəkib çıxarasan gərək. Özü də ruhunu incitmədən, şeytani bir zövqlə.
İş bunla da bitmir, o "portret” üçün gərək zaman və məkan fonu da çəkəsən. Adamsız zaman və məkan yoxdur, axı! Odur ki, üçünü bir çərçivəyə sığdırasan gərək.
Bir jurnalist kimi mənim də müsahiblərim olub. Bizimkilərdən Rüstəm İbrahimbəyov, Fred Asif, Ramiz Rövşən, Əkrəm Əylisli, Ayaz Salayev, Rafiq Əliyev, Vəfa Quluzadə, Gültəkin Hacıbəyli, əcnəbilərdən keçmiş sovet dissidenti Levan Berdzenişvili, Bolqarıstanın ilk antikommunist baş naziri Filip Dimitrov, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil və başqa bu sayaq adamlardan aldığım müsahibələrim var. Əlimdə qalanları bloqumun "Müsahiblərim” bölməsində yerləşdirmişəm. Bu koronaviruslu "evdə qal” günlərində oxumaq meyliniz olsa, buyurun, qonağım olun.
Ürəyimdə qalan istəyim də olub. Yadıma gəlir, 2006-cı il idi. "III Sektor” jurnalının növbəti sayını "Neft və demokratiya” mövzusuna həsr etməyi qərarlaşdırmışdıq. Azad Mirzəcanzadə müsahibə xahişimizi yerə salmadı. Yaxşıca hazırlaşmışdım da. Alimliyi, neft mütəxəssiliyi öz yerində, mənə onun bir şərqli intellektual kimi qərbli təfəkkürü maraqlı gəlirdi. Ömrü vəfa etmədi, çatdıra bilmədim.
Müsahibə almaq istədiyim iki adam qalıb, biri Əbdürrəhman Vəzirovdur, bir də Vaşinqtondakı Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota.
Vəzirovdan müsahibə almaq ideyası onun "Parterin ilk sıralarında” ("В первых рядах партера”) memuarı haqda yazdığım "Tamamlanmış yarımçıq portret” yazısından sonra yarandı. Nömrəmi tapıb zəng elədi. "Portreti tamamlamaq” üçün nə sualların olsa cavab verərəm”, dedi. Mən də 20 sual yazıb göndərdim. Bir neçə gündən sonra zəng elədi: "Oxudum. Moskvaya yolun düşsə, xəbər elə görüşək”.
Yazılı cavab vermək istəmədi. Başa düşürəm onu, müsahibə üzbəüz olar!
İrena Lasota ilə isə belə razılaşdıq ki, başqa suallarla yanaşı Azərbaycanla da bağlı bütün suallarıma səmimi cavab verəcək. "Bir şərtlə: mən öləndən sonra dərc edəcəksən!”, dedi. Sonra da bunu əlavə elədi: "Qış ayları bilet ucuz olur, al, gəl Vaşinqtona, qonağım ol”.
Nələr deyəcək? Niyə ölümündən sonra müsahibənin dərcini şərt kimi qoyur? Bu maraq adamı nəinki Vaşinqtona, lap dünyanın o başına da aparar.
Təlatümlü illərdə Azərbaycana başçılıq etmiş, son 50 ildə ölkəmizdə yürüdülən siyasətə müxalif baxışlı şəxs kimi tanınan, kommunizm ideyalarına bu gün də sadiq qalan dövlət rəhbəriylə; müasir Azərbaycan tarixini ən qaynar vaxtlarda yaxından, bəlkə də çox yerli siyasətçidən daha içdən izləmiş, azından beş kərə Elçibəyə Kələkidə yoluxmuş bir amerikalı politoloq xanımla müsahibədə qəsdim tək onların portretini "çəkmək” deyil, həm də tariximizin xeyli qaranlıq səhifəsinə işıq tutmaq istəyidir.
Vəzirovun 90, İrena xanımın 75 illiyi yaxınlaşır. Səki öz aləmimdə onların yubileyləri ərəfəsində Moskvaya, Vaşinqtona səfər planlamaq istəyirdim. Qalmağa yer problemim olmayacaqdı. Yol pulu da tapacaqdım.
Araya koronavirus düşdü.
Sizə düzünü deyimmi? Öz aramızda qalsın. Bir jurnalist kimi bunu yazmaq mənə ağır gəlsə də deyim – koronavirus bəhanədir. Hələ bu virus epidemiyasından öncə hiss edirdim ki, arzum ürəyimdə qalacaq. O müsahibələr baş tutmayacaq. Səbəbkar da onlar yox, özüməm.
Məndən soruşsalar ki, bu müsahibəni hansı qəzet, sayt üçün alırsan, nə deyəcəm? Müsahibələri dərc edəcək KİV tapılacaqmı? Vəzirovun memuarında yazmadığı, amma ürək qızdırıb mənə danışacaqlarını; Lasotanın Azərbaycanda ən yaxın dostu kimi indiyədək mənə də demədiklərini, amma güman etdiyim həqiqətləri kimsə dərc edərmi?
Heç ezamiyyə xərclərini ödəyəcək, qonorar verəcək KİV-i ağlıma da gətirmirəm, eləcə dərc etməyə azadlığı olan qəzetdən, saytdan danışıram.
Nə gəzir belə KİV! Boğazından asılıb hamısı!
***
Növbəri həyatımda jurnalist yox, rəssam olacam. Qərarım qətidir! Heç bir epidemiya, pandemiya bəhanəsi olmayacaq.
Yarım qalan portretləri çəkib bitirmək arzusuyla…
Vahid Qazi
Koronavirus günləri, 2020-ci il
Şərhlər