Zahir Əzəmət
Bir müddət əvvəl bir neçə media mütəxəssisi ilə birgə Media Klubunu elan etdik.
Bəyan etdik ki, Media Klubu məşvərət xarakterlidir, medianın problemlərini dilə gətirəcəyimiz bir müzakirə platformasıdır. Media Klubu sədri, katibliyi və ya hansısa başqa strukturu olmayan, daha çox "dəyirmi masa"nı xatırladan platformadır. Niyə belə bir təşkilatlanma formasını seçdik? Ona görə ki, bununla biz hansısa təşkilata və ya struktura alternativ olmadığımızı bəyan etmiş olduq. Ona görə ki, ənənəvi təşkilatlanma forması vahid və oturuşmuş baxış, konsepsiya tələb edir. Halbuki bir yerə toplaşsaq da, ümumi narahatlıqlarımızı ifadə etsək də, bir çox məsələlərə taktiki baxış fərqlərimiz də ola bilər. Bu da normaldır və demokratiyanın əsas prinsiplərindən biridir. Bizi birləşdirən əsas məqam- medianın indiki durumundan, gələcəyindən keçirdiyimiz ciddi narahatlıqlardır. Biz toplaşır, müzakirə edir, ortaq baxışlarımızı, narahatlıqlarımızı qruplaşdırıb məruzə və bəyanatlar formasında Media Klubu adından cəmiyyətə təqdim edirik.
Bu müzakirələrin ikisi mediaya açıq keçirilib və iki mövzuda hesabat-məruzə ilə çıxış etmişik. Hər iki məruzə artıq mətbuatda da çap olunub və kifayət qədər ciddi problemlərdən bəhs olunub.
Sonuncu müzakirədən sonra nəhayət ki, yandaş media sükutu pozdu və qaldırdığımız problemləri deyil, Meda Klubunun özünü və üzvlərini aqressiv şəkildə tənqid etməyə başladılar.
Olsun. Biz müzakirə və debatlardan çəkinmir, fikir ayrılıqlarını demokratiyanın əsas atributlarından biri hesab edirik. Sadəcə müzakirələri qaldırılan problemlərə fokuslandırmaq lazım.
Qarşı tərəfin məhz ikinci hesabat-toplantıdan sonra hərəkətə keçməsi təsadüfi deyil. Qeyd etdiyim kimi, bu müzakirə mediaya açıq keçirildi. Toplantıya məruzəni dinləmək üçün müxtəlif fikirli, düşüncəli adamların gəlməsi də təbiidir. Biz toplantıya heç bir fərq qoymadan müxtəlif media qurumlarını dəvət etmiş, qaldırdığımız problemlərin müzakirəsinə hazır olduğumuzu bəyan etmişdik. Azər Həsrət də yazısında hər dəfə tərəfimizdən belə bir dəvət aldığını təsdiqləyib. Amma gəlməyiblər, çünki bir çoxu ən kiçik mövzularda belə müstəqil qərarlar qəbul etmək iqtidarında deyillər. Bunu da anlayışla qəbul edirik, axı Media Klubu məhz elə bu kimi problemlərin dilə gətirilməsi üçün yaradılıb. Biz onların da əvəzinə danışırıq.
Amma toplantıya qatılan bəzi şəxslər də oldu ki, niyyətlərinin nə olmasından asılı olmayaraq, mövzudan kənar çıxışları, replikaları bəzi suallar yaratdı. Biri DTX-dan, biri FSB-dən, biri kosmosdan danışdı və onlar elə tədbirdəcə mövzudan danışılmaya dəvət edildi. Media Klubu dəvətlilərin çıxışlarına deyil, öz hazırladığı hesabat və bəyanatlara imza atır. Amma Media Klubunu tənqid edənlər bu adi həqiqəti kənara qoyub, manipulyasiya etməyə cəhd göstərirlər. Alınmır, yapışmır. Çünki səmimi deyillər. Səmimi olsaydılar qaldırdığımız problemlərə fokuslanardılar. Ona görə də Media Klubuna yönəlik bütün mövzudankənar, problemlərdən məqsədli şəkildə diqqət yayındıran yazıları ciddiyə almamağın tərəfdarıyam. Vaxtımız daha dəyərlidir.
Hələ o qədər müzakirə olunası problemlər var ki!
Məsələn, gəlin sadə bir suala cavab axtaraq. Sizcə KİVDF-nin yardımları çap mediasının durmuna necə təsir edib? Niyə bu yardımlar qəzetlərin tirajının qalxmasına, daha da oxunaqlı olmasına müsbət təsir etməyib? Bəlkə yardımın forması düz deyil? Bəlkə başqa səbəblər var? Bəlkə əsas səbəblərdən biri qəzet köşklərinin ucdantutma yığışdırılması, yayım sisteminin iflic edilməsidir? Bəlkə sizin də bildiyiniz səbəblər var- deyin, müzakirə edək.
Məsələn, niyə televiziyalar ciddi problem və mövzuları müzakirə etmir, söyüş-təhqir və süni qalmaqallarla bağlı kifayət qədər faktlar yayılsa da, MTRŞ reaksiya verib hər hansı verilişi və ya kanalı cəzalandırmır? Niyə MTRŞ telekanalların yayım siyasətinin qanunlara uyğun qurulmasını həyata keçirmir, telekanalların bayağılaşmasına, mənasızlaşmasına göz yumur?
Məsələn, niyə Reklam bazarı monopoliyada saxlanılır?
Məsələn, niyə Mətbuat Şurasına əlavə səlahiyyətlər istənilir və medianın özünü tənzimləmə mexanizmindən imtina edilir?
Bu kimi suallar çoxdur, biz yenə də bütün tərəfləri bu problemləri birgə müzakirə etməyə dəvət edir, çıxış yolları aramağa çağırırıq. İctimai müzakirələrdən qorxmaq, bizdən düşmən düzəltmək çıxış yolu deyil. Zatən, biz- Media Klubu olmasa da, bu problemlər var və hər gün daha da dərinləşir. Biz heç bir çıxışımızda, toplantımızda, hesabatımızda şəxsi problemləri deyil, medianın ümumi problemlərini qabardırıq. Ya bu problemlərə çözüm tapılmalı, ya da media öz mövcudluğunu itirəcək.
Heç olmasa, müzakirəyə açıq olun.
Şərhlər