İdman 09:30 15.09.2021

Nadir Nəbiyev: "Bir nəfər üzə çıxmadı deyək ki, bizim yetirməmizdir"

Dünən Birinci Diviziona start verildi. Ölkə çempionatında çıxış edən klublardan biri də Tovuz təmsilçisi "Turan Tovuz”dur. AFFA-nın maliyyə dəstəyi verdiyi klubun akademiyası da fəaliyyətə başlayıb. Bəs hazırda həm əsas komandada, həm də akademiyada durum necədir? Hansı komandalar var və məqsəd nədir?

Bu kimi suallarımıza cavab almaq üçün Tovuz futbolunun məşhur siması, Qərb Regional Futbol Federasiyasının prezidenti, Nadir Nəbiyevin fikirlərini öyrəndik. Veteran futbolçunun Qaynarinfo-ya açıqlamalarını təqdim edirik: 
 
"Görünən odur ki, "Turan Tovuz”da bu gün hər şey qaydasındadır. Açığı gözləmirik ki, komanda yer tutsun, hər hansı nəticə versin. Strategiyamızı dəyişmişik. Qərara gəlmişik ki, futbolçu yetişdirməklə məşğul olaq. Komanda çempion olur, yer tutur, amma bir futbolçu çıxmır. Keçən il kənardan 12-13 futbolçu gətirmişdik. Ancaq bir nəfər üzə çıxmadı deyək ki, bizim yetirməmizdir. Qazancımız heç bir şey oldu. Orta mövqeləri tutaq, amma futbolçu yetişdirək, Azərbaycan və Tovuz futboluna xeyir versin. Bu bizim üçün daha faydalıdır. Akademiyamız fəaliyyət göstərir, kifayət qədər perspektivli uşaqlar var. Artıq qalan məsuliyyət məşqçilərin üzərinə düşür”.

Klub rəsmisi bu il komandanın qarşısına konkret öhdəlik qoyulmadığını bildirdi: 
 
"Bu dəfə konkret hədəflər yoxdur. Həmişə Birinci Divizionda qarşıya məqsəd qoymuşuq ki, nəticə verilməlidir. Şərt deyil ki, çempion olaq. Əvvəlki illərdə liderlər qrupunda yer almaq və nəticə vermək kimi hədəflərimiz olub. Məşqçilərə də deməmişik ki, filankəs oynamalıdır, filan oyunçunu oynatmalısan. Məqsədimiz odur ki, komanda bacardığı qədər yüksək pillələr uğrunda mübarizə aparsın. Əsas və aşağı yaş qruplarından ibarət olan yığmalarımız üçün uşaqlar yetişməlidir ki, işimizin faydası olsun”.

Nəbiyev "Turan Tovuz”un aşağı yaş qrupundan ibarət komandalar haqda bunları söylədi: 

"6 yaşdan 17 yaşa qədər uşaqlardan ibarət komandalarımız var. Demək olar, bütün yaş qruplarımız var və hamısı AFFA-nın keçirdiyi çempionatlarda çıxış edəcək. Yalnız Gənclər Liqasında oynayacaq U-19 komandamız yoxdur. Bunun da səbəbi odur ki, ötən il, 17 yaşlı futbolçulardan ibarət komandamız yox idi”.

Birinci Divizionda əsas problemlərdən biri limitlə bağlıdır. Bəs "Turan Tovuz”da bu baxımdan vəziyyət necədir? Ümumiyyətlə, Nadir bəyin fikrincə, limit aradan qaldırılmalıdırmı?:
 
"Keçən il görmədim ki, hansısa Birinci Divizion komandasından milliyə futboçu getsin və istənilən səviyyədə oynasın. Məqsəd gənclərə yer verməkdirsə, bunu görmədim. Klublar da çalışmalıdır. Qarşıya məqsəd qoyulmalıdır. Bu gün heyətimizdə 2005-2006 təvəllüdlü futbolçular var. Yəni limitə baxmayaraq, 15-16 yaşlı uşaqları əsas heyətə cəlb edirik ki, öyrəşsinlər. Yaxşı futbolçu yaşından asılı olmayaraq, həmişə özünü göstərir. Bizdə hazırda elə uşaq var ki, 16 yaşından əsas heyətdə oynayır. Son illəri götürürəm, gözümlə gördüklərimi deyirəm ki, "Turan Tovuz”dan futbolçu çıxmadı. Amma gəlin başqa komandalara, "Qarabağ”a, "Neftçi”yə, "Sumqayıt”a baxaq. "Sumqayıt” neçənci yeri tutmuşdu? Milliyə neçə futbolçu verib. O cümlədən "Neftçi”, "Qarabağ”... Heyətə baxanda görürsən ki, oynayanlar əsasən gənclərdir”.

"Artıq neçənci ildir ki, Birinci Diviziondan Premyer Liqaya komanda yüksəlmir. Futbolçuların yetişməməsinə bu amillər də təsir edirmi” sualına Nəbiyev belə cavab verdi: 

"Bakıdan Tovuza 450 kilometr yol var. Futbolçunu Tovuza aparmaq üçün hər hansı maraq olmalıdır. Futboçu deyir ki, Bakıda yaşadığı üçün orada oynaması daha rahatdır. Ancaq futbolçuya desən ki, Premyer Liqaya yüksəlmək üçün oynayacağıq, o da qarşısına məqsəd qoyar. İki dəfə çempion olmuşuq. Amma maliyyə problemlərinə görə Premyer Liqaya çıxa bilmədik. Ona görə də futbolçunu komandaya dəvət etmək olmur”.

Maliyyə çətinliyindən gileylənən Nadir bəy, yayda heyətini təcrübəli futbolçularla gücləndirən "Kəpəz"dən fərqli artıq nəticələrin onlar üçün önəm daşımadığını və daha çox futbolçu yetişdirməyə istiqamətləndiklərini bildirdi: 
 
"Bunu istəmədik. Biz çempion olduq, "Kəpəz” aşağı pillələrdə qaldı. Yenə də dəyişən nəsə olmadı. Dəyişən yalnız komandaların turnir cədvəlindəki yerləridir. Tutaq ki, mən də kənardan fubolçu gətirdim, çempion olduq. Bu komandadn futbolçu çıxmırsa, nəticənin nə önəmi var? Bəlkə də düzgün düşünmürəm. Ancaq fikirləşirəm ki, 5-6-cı yerləri tutub milliyə futbolçu verməyimiz mənim üçün daha üstündür. Nəinki 3-cü yer tutub futbolçu yetişdirməmək. 3 dəfə yer tutmuşuq, reqlamentə uyğun Premyer Liqaya çıxmalı idik. Amma sponsorumuz olmadı. Bu gün bəllidir ki, "Turan Tovuz”un bütün maliyyə məsələlərini AFFA öz üzərinə götürüb. Hər baxımdan çətindir. Söhbət təkcə futbolçunun əməkhaqqından getmir. Onların qidalanması, dərman preparatları, zədələrinin müalicəsi var. Futbolçu zədə alır, əməliyyat etdirə bilmirsən”.

Səbuhi Həsənov