Orxan Saffari

Blogger
Yazılar
14
Nadir Qafarzadəni görüb xoşbəxt olmaq...

Nadir Qafarzadəni görüb xoşbəxt olmaq...

Orxan Saffari

Tək olmağın həqiqəti

Həyat belədir. İnsanlar da qəribə.

Doğulandan ta ölənəcən bir adam axtarırsan, elə bir adam ki, hər dərdini-sərini deyə biləsən, halına yananın olsun, səni anlasın, başa düşsün. Bəzənsə bir ömür bu adamı tapmaq olmur. Ümumiyyətlə, deyəsən, bu adam heç vaxt olmur. Onun həmişə oxşarlarını görürsən, bir yerdən sonra o da olmur. Tapdığını sanırsan, görürsən, yox, o deyil. Beləcə ömrün başa çatır və sən tək-tənha bu ömrə əlvida deyirsən...

Yasına yüzlərlə insan gəlir, arxanca yaxşı sözlər deyilir. Kaş ölməyəydi... Bəs harada idi bu adamlar? Sən niyə tək idin?

Axı, bizim bir-birimizdən başqa heç kimimiz yoxdu, adamlar.

Baxırsan, ətrafında onlarla, yüzlərlə insan var, hansı ki hərəsi ilə ya zəlzələdən, ya vəlvələdən münasibətin yaranıb. Amma sən yenə də təksən. Bircə bu tək olmağının həqiqəti səni heç vaxt tərk eləmir. Yüzlərlə insan içində təksən. Bu qarışqa sürüsünü xatırladan insan izdihamının içində özünü tək-tənha, yalqız hiss edirsən. Hərdən elə olur, beş-on nəfər dostla oturduğun məclisdə də anlayırsan ki, təksən. Səni heç nə və heç kim doyurmur.

Yadıma gəlir, illər öncə "Yeni il" bayramında istifadə etdiyim mobil operatora zəng vurdum və belə dedim:

"Bu gün bayramdı. Mən isə hazırda şəhərdəyəm. Təkəm. Qarşıya baxıram, yüzlərlə insan gedir, hamısı gülür, hamısı xoşbəxtdir. Məni bu gün onlarla məclisə çağırıblar. Getməmişəm, çünki təkəm. Bu gün siz də işdəsiniz. Bəlkə elə siz də təksiniz. Mən həmişə sizə zəng vurmuşam ki, nömrəmdə olan problemi deyim, amma bu gün deməyəcəm. Bayramınız mübarək. Sizə təklik arzu etmirəm”. 

Hiss elədim ki, telefonun o başındakı əməkdaşın mənə yazığı gəlir. Amma məni dinlədi, sağ olsun. Yenidən əlavə elədim:

"Əslində, təklik də gözəldi, amma baxır, kim ilə təksən, kim ilə darıxırsan. Mən bu gün də iliklərimə qədər tək və tənhayam. Bayramınız mübarək, sizi bezdirdiyim üçün üzr istəyirəm".

Ətrafında sənin keçirdiyin hissləri anlamayan adamların çox olması, sənin işini bir az da çətinləşdirir. Darıxmağın azmış kimi, bunun da depressiyasını yaşayırsan ki, bu adam məni niyə başa düşmür, niyə anlamır axı? Özü də tərs kimi bu adamlar elə ən yaxın adamlar olur. Səni doğan anan, əkən atan da anlamır. Bütün günü bir-birini qırdığın qardaş-bacın da, məhlə uşaqların da, qonşuların da, Allah haqqı, ən yaxın qohumların, dostların da anlamır. Əslində, qınamalı da deyil. Çünki sənin hislərin başqa olur, sən başqa cür darıxırsan. O adamlar ki, onları ən kiçik şeylər belə xoşbəxt edir, o adamlar ki, onlar çox nadir hallarda darıxırlar və nə üçün darıxdıqlarını da yaxşı bilirlər. Bunlar sənin hislərini necə anlasın, necə başa düşsünlər səni? Mən nəyə görə darıxdığını bilən adamlara da həsəd aparıram. Söhbət hansısa yaxınından ötrü darıxmaqdan getmir. Bu, başqa darıxmaqdır. Ümid edirəm, bu darıxmağı bilən adamlar var...

Mən bütün vücudumla çalışıram ki, içimdəki bu darıxmağa bir ad qoyum...

Təxminən belə. Olduqca mübhəm və qaranlıq bir darıxmaq. İlahi, necə də dəhşətlidir!

Çox yaxın bir adamım bir dəfə toyda Nadir Qafarzadəni yaxından gördüyü üçün xoşbəxt olduğunu dedi. İlahi, az qaldı yediyim salatları, kababları qusam, ofisiantın toy başlayandan bitənə kimi süzdüyü "Tərxun" suyu gəlsin burnumdan. Ay Allah, sənə qurban olum, mən səndən ötrü də darıxan adamam, amma bu adam, amma bir adam niyə belə bir şeydən xoşbəxt olsun? Gör, sən məni nələrə görə darıxdırırsan, bu adamı nəyə görə darıxdırırsan? Budurmu ilahi ədalətin? Mən isə buna oturub kədərlənirəm. Toy yiyəsinin, bəyin, gəlinin yerinə ki, bu adamlar neçə min pul verib, heç kimə və heç nəyə lazım olmayan Nadir Qafarzadəni öz toyuna çağırıb. Vallah, mən o arvadı elə orda da boşayaram ki, onun arzusu toyunda Nadirin oxumağı olsun.

Bax, həyat belədir. Təxminən bu cür. Bundan da bir az pis. Mən adını bilmədiyim, illər əvvəl yolda ötəri gördüyüm və çox güman ki, bir də həyatın heç bir çağında qarşılaşmayacağım bir adam üçün darıxa bilirəm, darıxıram. Hansı ki, o adam məni görməyib, məni tanımır, heç görsəydi də, ağlına gəlməzdi. Onunla aramda ən xırda bir şey belə yoxdur. Mən sadəcə onu yoldan keçərkən görmüşəm və üzü yaddaşıma həkk olunub. Oturub onun üçün darıxıram. Təsəvvür edin, o adamı tapıb bunu deyirəm. Şaqqanaq çəkib gülər, vallah.

O qədər var ki belə şeylər. Bir dəfə dostumla evdə oturub televizora baxırdım. Qəfildən AzTV-də aparıcının necə gözəl sima ilə, gözəl səs ilə yalan danışdığını dedim. Dedim, and olsun uğurlu siyasətlərimizə, beynəlxalq və daxili gedişlərimizə, siyasi sabitliyimizə ki, mən bu adama görə kədərlənirəm, bu adama görə pis oluram. Mən ekrandan onun üzündəki ifadəni duya bilirəm. Bilirəm ki, o da evə gedəndə qucağına qaçan körpə uşağa görə hansı hisləri keçirir. O bilir ki, bu gün nə yalanlar danışıb, nələr deyib. O bilir ki, ona baxanlar onun necə mahir bir yalançı olduğunu bilir. Səncə, kədərli deyilmi? Dostum əvvəlcə üzümə baxıb sussa da, qəfildən sükutu pozdu:

- Sən canın, artislik eləmə, dur gedək kafeyə, domino çırpaq.

Mən necə darıxmayım?

Adam var, deyirəm ki, darıxıram. Deyir, niyə? Deyirəm, bilsəm, darıxmazdım. Bilmirəm deyə darıxıram. Şair demiş: 

Olmasaydın darıxmazdım,
Varsan deyə darıxıram... 

Deyir, dur gedək çay içək, başımız qarışsın.

Əslində, bu, elə məsələdir ki, başqalarını da qınamaq olmur. Nə etsin o adam? Heç sən özün bilmirsən ki, hansı hisləri keçirirsən, o adam nə edə bilər? Təkcə sevdiyi qızın gülüşü üçün darıxan bir adam səni necə anlasın? Amma özünlə bacarmırsan. Sən daim istəyirsən ki, təmin olasan.

Bizim bir-birimizdən başqa heç kimimiz yoxdu...

Məni tapmaq istəsəniz... itirməyin...

OXŞAR XƏBƏRLƏR