Xəbər lenti

İdman 13:59 08.01.2024

Nadir Qasımov İran klubundan niyə ayrılıb?: “Qəlbimə dəyən də bu oldu...”

Azərbaycanın təcrübəli məşqçilərindən olan Nadir Qasımov ötən ay baş məşqçi kimi getdiyi İran klubundan ayrılıb. Cəmi bir ay qonşu ölkədə komanda çalışdıran mütəxəssisin klubdan ayrılmasının səbəbləri hər halda maraqlıdır.

Məşqçi məsələ ilə bağlı Qaynarinfo-ya danışdı. O, komandadan ayrılma səbəbini bildirməklə yanaşı, digər məqamlara da aydınlıq gətirib:

"Azərbaycana dünən qayıtmışam. İran Futbol Federasiyasında belə qərar çıxarıblar ki, ikinci, üçüncü dəstədə legioner məşqçi işləyə bilməz. Amma məsləhətçi kimi çalışmaq mümkündür. Mənə məsləhətçi kimi klubda qalmağı təklif etdilər, lakin məşqçi kimi çalışmaq istədiyimi bildirib, razılaşmadım. Bir ay ərzində çox böyük işlər gördük, komandanı tam komplektləşdirdim. Yaxın şəhərlərdə axtarışa çıxdım, əlaqələrimdən istifadə etdim, lazımi futbolçuları tapdım. Düzdür, bəzi ürəyim istəyən futbolçuları götürə bilmədim. Çünki yüksək maaş tələb edirdilər deyə klubun gücü çatmadı. Özümə bir şeylə təsəlli verirəm ki, yüksək liqada oynaya biləcək iki futbolçu tapdım. Hər ikisi azərbaycanlıdır. Biri Təbrizdəndir, o biri də ona yaxın şəhərlərin birindən. Onlar Azərbaycanda oynamaq istəyirlər. Biri çox güclü qapıçıdır. "Traktorsazi”nin yetirməsidir. Əcnəbi məşqçilərlə çalışıb, onun haqqında yaxşı fikirlər söyləyiblər. Standarta uyğun - 193 sm boyu var. Testlərdə də müsbət nəticə göstərib. Bir ay tam işlə məşğul oldum, çalışdım ki, vaxtım boş yerə getməsin. Gündə üç dəfə komanda ilə görüşürdüm. Taktikadan danışırdıq, onları istədiyim sistemə uyğunlaşdırmağa çalışırdım. Gedəndə məni təəssüflə yola saldılar”.

Qasımov orada gördüyü işlərdən və şəraitdən də danışıb:

"Komanda Mazandaran şəhərini təmsil edirdi. Adı fars dilindən tərcümədə "Qızmar günəş” idi. İrana gedəndə məni yaxşı, dəm-dəstgahla qarşıladılar. Qayıdanda isə klub rəsmilərindən bir nəfər görüşdü mənimlə. Hansı ki vaxtilə general olub. Məni o qarşılaşmışdı. Bir ay işdə oldum, həm də havamı dəyişdim. Tərcüməçi ikinci məşqçim idi. Məni kluba da o dəvət etmişdi. Bizim üçün ev tutmuşdular, bir otaqda qalırdıq. Dil barəsində mənə çox kömək etdi. Qısa vaxt ərzində komanda tam yeni - 3-2-3-2 sisteminə keçdi. Axşamlar sistem barəsində danışırdıq. Hamısını başa salırdım. Seçim böyük, futbolçu çox idi. Hətta bir pleymeyker tapmışdım, mənə Vidadi Rzayevin oyununu xatırladırdı. Ona baxanda Vidadini görürdüm. Mərkəzdə bir oyun çıxarırdı ki… komandanı bir-birinə bağlayırdı. Ayrılanda dedim ki, məni yaddan çıxarmayın. Kollektiv çox gənc idi, bəzi şeyləri tam mənimsəmələri vaxt aparırdı. Bir ay elə də böyük müddət deyil. Hər dəfə məşqlərimi 200-ə yaxın insan izaləyirdi, yəqin ki, onların arasında məşqçilər də vardı. Mən də onlardan götürürdüm. İranda əsas fiziki hazırlığa üstünlük verirlər. Daha sonra taktiki hazırlıqlar haqda düşünürlər. Mənim üçün isə hər ikisi vacib idi. Oyun keçirmək imkanımız olmadı. Komanda çox zəif idi, çempionatın başlamasına da ay yarım vardı. Bu üzdən heyət üzvlərinin öz aralarında oyun keçirirdik. Bir də başa saldım ki, maliyyə olmasa, çətinlik yaşayacaqsınız. Onlar futbola azarkeş, biz isə peşəkar kimi yanaşırıq. Əsas odur ki, komandanı komplektləşdirdim. Həm də çox darıxırdım. Bu yaşda ailədən uzaqda qalmaq çətindir. Bu səbəbdən qayıtmağa üstünlük verdim”.

Mütəxəssis Azərbaycanda da məşqçiliyini davam etdirmək istəyində olduğunu bildirib:

"Dəvət olsa, əlbəttə, işləmək istəyirəm. Mənim işim nədən ibarətdir ki? Azərbaycanın əməkdar məşqçisiyəm. Bu arzuma nail olmuşam. Ona görə də burada istər məsləhətçi, istərsə məşqçi kimi çalışmaq istəyərdim. Azərbaycanda əksər komandalarda tələbələrim çıxış edir. Ad-san qazanmışam, respublikada tanınmış məşqçi olmuşam. Sadəcə, bu yaşda kənarda qalmaq adama pis təsir edir. Hələ 74 yaşım var. Amerikada alimlər təsdiq ediblər ki, bu işlərdə çalışanların ən yaxşı vaxtı 70-80 yaş arasıdır. Mən də o yaşdayam, hər çətinlik görmüş məşqçiyəm (gülür). Niyə də işləməyim? Bu gün çalışan bir çox məşqçilər vaxilə tələbələrim olub. Onlara baxanda fəxr edirəm. Lazımdırsa, məsləhətçi kimi də çalışaram. Həm futbola xidmət, həm də ailəmə kömək edərəm. Ona görə də yaşamaq istəyirəm, tez qocalmaq fikrim yoxdur (gülür)”.

Maraqlıdır ki, Qasımov getdiyi klubla müqavilə bağlamadığını deyir:

"Gələndə biletim klub tərəfindən alınmışdı. Amma qayıdanda bəzi səbəblərdən gecikdim. Gömrükdə hiss etdim ki, gecikməyimdə bunların da əli var. Çünki klubdan ayrılmağımı istəmirdilər. Çalışırdılar ki, qalıb məsləhətçi kimi fəaliyyətimi davam etdirim. Bununla razılaşmadım, çünki məşqçi kimi işləmək istəyirəm. Maaş almadım. Qəlbimə dəyən də bu oldu. Elə bilərəm bir ay istirahət edib qayıtmışam. Bəhanə gətirdilər ki, müqavilə olmadan pul verməyə ixtiyarları yoxdur. Qapıçımızın atası Təbrizdən idi, sağ olsun, dedi ki, nə lazımdır edəcək. Biletimi alıb, yola saldı. Məni təəccübləndirən klubun müqavilə bağlamaması idi. Əvvəl düşündüm ki, necə işləməyimə baxırlar. Sonradan mənimlə müqavilə bağlamaq istəyəndə, İran Futbol Federasiyadan icazə verməyiblər. Nümayəndələri gəlib bildirdi ki, legioner məşqçilərə müqavilə bağlamağa icazə vermirlər. Nəticədə klubdan ayrılmalı oldum”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->