Xəbər lenti

Nargin adasından 100-dən çox türk zabitini qaçıran Sona Hacıyeva kimdir?
Mehriban Vəzir
phrase_var_qaynar. 20:59 22.12.2020

Nargin adasından 100-dən çox türk zabitini qaçıran Sona Hacıyeva kimdir?

Mehriban Vəzir
 
Sarıqamış məğlubiyyəti 10 mindən çox Türk əsirin ruslar tərəfindən Bakının ən qədim türməsi olan Nargin adasına salınmasına səbəb oldu. O günlərin bir qadın qəhrəmanı  var - Sona xanım Hacıyeva...

Bu anım günündə Sona xanımı bir daha xatırlayaq....

Fotosu tapılmayan, sonu bəlli olmayan Sona xanım Hacıyeva...

Sona xanım Bakının zəngin və yüksək təhsilli xanımlarından biri idi. Milyonçu qlasnı (deputat) Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qadın Qolunun sədri idi. 

Böyük mülkiyyəti ilə yanaşı Bakı buxtasında Sona xanımın mühüm hadisələrin iştirakçısı olan dəbdəbəli şəxsi gəmisi dururdu. 

Məlum olduğu kimi Birinci Dünya Müharibəsinin ilk illərində  1914 -15-ci illərin qışında Sarıqamış məğlubiyyəti baş verdi. 90 minlik türk ordusu 40 dərəcə şaxtada davam gətirməyib məhv oldu. Ruslar minlərlə hərbi və mülki adamı əsir götürdülər. Təkcə Bakıya, Nargin adasına 10 min nəfər qadın, uşaq, yaşlı, əskər, zabit  türk əsir yerləşdirildi. Əsirlər Bakı küçələrindən keçirilib adaya aparılarkən şəhər həyəcana gəlmiş, bu barədə Bakı qubernatoru Peterburqa məktub göndərmişdi. O, yazırdı: "Bakı  əhalisi türklərin əsir alınmasına dözümsüzlük göstərirlər..."

Rus idarəetməsi türk əsirləri ölüm adası Narginə yerləşdirib əsas nəzarəti qatil kimi yetişdirdiyi erməni zabitlərinə və həkimlərinə tapşırmışdı. 
Nərimanov adanı komissiya heyəti ilə ziyarət etdikdən sonra parlamentdə türk əsirlərin vəziyyəti haqda kəskin bir çıxış etdi. Dedi: "Erməni həkimlər yüzlərlə əsirin gözlərində əməliyyat edib kor ediblər. Hər gün susuzluqdan, acından, yoluxmadan, ilançalmadan  yüzlərlə insan ölür". 

Bu xəbərdən Bakı təlatümə gəldi. Təzə-pir məscidinin axundunun fətvası ilə hər kəs məscidə ərzaq, paltar, ayaqqabı, dərman daşıdı. Bu yardımı bir ay adaya daşıyıb bitirmək mümükün olmadı. Bakı qadınları gecədən  səhərə yun corab, şal, canlıq toxuyub məscidin həyətinə gətirirdilər.
İctimai təpki 200 nəfər qadın və uşağın hökumətin icazəsi ilə adadan alınıb Bakıya gətirilməsinə səbəb oldu.

Lakin hökumətin bu addımı şəhəri sakitləşdirmədi. Mətbuatda və məscidlərdə müzakirələr və etirazlar səngimədi.

Sona xanım Hacıyeva isə həmin tarixin qəhrəmanına çevrildi. O, öz gəmisi ilə Narginə ərzaq aparmağa başladı. Qohumları, xidmətçiləri ilə adaya gələn, araba-araba ərzaq, geyim, yataq gətirən Sona xanım rus rəislərə rüşvət verib gəminin yoxlanmasının qarşısını alır, hər dəfə geri dönəndə yüksək rütbəli türk zabitlərini üç-üç, beş-beş gəmisinə alırmış. Əsirlər təğyir-libas olub ərzaq gətirən xidmətçilərə qoşularaq  gəmiyə mindirilirmiş. Sonra da Sona xanım onlara şəxsiyyət vəsiqəsi düzəldib İrana keçirirdi. Oradan isə Türkiyəyə yola salırdılar.

Bu minvalla Sona xanım az bir vaxtda Nargin adasından yüz nəfərdən çox zabit qaçırır. O zabitlərin adları yazılı sənədlərdə qalır.

Şəhərdə xəbər gəzirdi ki, rusların səlahiyyət verdiyi ermənilər yüksək rütbəli zabitləri əsirlər arasından seçib qətlə yetirir, ayaqlarına daş bağlayıb dənizin dibinə yuvarlayırlar. 

Bu, Bakı camaatının heysiyyatına toxunur, qəzəb və həyəcan doğururdu.

Həmin günlərdə Bakının bircə dərdi vardı: türk əsirlər...

Bakıda, Abşeron kəndlərində kimin gəmisi, hətta kiçik bir balıq təknəsi vardısa, gecələr gizlincə Nargin adasına yaxınlaşır, oradan əsir alıb qaçırdı.
Bu işi ardıcıl və nizamlı həyata keçirən isə Sona xanım idi.

Bu yolla Bakıda xeyli türk əsir toplanmışdı. Ziyalıların və  ruhanilərin çağırışı ilə Bakı baqqalları, əsnafları, tacirləri əsirlərə pulsuz ərzaq, geyim-keçim, barınacaq verirmiş. 

Türk əsirlərə yardım etmək şəhərin şərəf işinə çevrilmişdi.

Bir gün bir əsirin bir erməni dükanına girməsi ilə işin üstü açılır. Erməni çuğulluq edir. İstintaq başlayır. Adada siyahıyaalma aparan hökumət əsirlərin sayında böyük əskiklik görür. Araşdırma başlayır. 

Sona xanım Hacıyeva istintaqa cəlb edilir. 

Arxivlərdə Sona xanımın 110 səhifəlik  ifadəsi var. Günlərlə ifadəsi alınıb. Sona xanım məhkəmədə etiraf edir ki, Bəli, əsirlərə yardım etmişəm. Yardım cinayət deyil. Yardım insaniyyətdir!

İstintaq əsirlərin qaçırılmasını sübut edə bilmir.

Mənbələr deyir, bu istintaq sovet dövründə belə davam etmişdir. Bakı zənginlərindən  və din xadimlərindən xeyli adam məhkəmələrə çəkilmiş, adları hökumətin qara siyahısına salınmış, repressiya olunmuşdular.

Sona xanım Hacıyeva Bakının ən mütərəqqi, ən zəngin, ən fədakar, ən səxavətli xanımlarından biri olub. O, əsl Cümhuriyyət qadını idi. Rəhbəri olduğu qadın xeyriyyə komitəsi xətti ilə ictimai və siyasi proseslərin önündə durur, təhsil və maarif işində misilsiz xidmətlər göstərir və digər zəngin xanımları da bu işə təşviq edirdi.

Lakin arxiv sənədlərində birdən-birə xətt qırılır... iz itir...

Dövrün araşdırmaçıları ilə söhbətimdə onun fotosunu və sonrakı taleyini gördüm deyən olmadı. Dövlət arxivində Nargin hadisələri və Sona xanım haqda məlumat var. Lakin nə fotosu var, nə də sonu haqda xəbər.

Bu dəyərli xanımın taleyi nə oldu, necə oldu, bilən yoxdur...

Amma əminəm, bu iş belə qalmayacaq, o Cümhuriyyət  qadınının qutsal surətini görmək, taleyini öyrənmək bizə nəsib olacaq. 

Bunun üçün  əlimdən gələni edəcəyəm.

Çünki Sona xanım Hacıyeva tanınmağa, anılmağa, ictimai ehtirama layiq olan xanımlarımızın önündə gələnlərindəndir...

Bu ad xatirələrdə yaşamalı, ehtiramla anılmalı və Cümhuriyyət Qadınlarını təmsil etməlidir.

Ruhu şad olsun...

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->