Martın 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respublikasına məxsus "Yamaha-75” mühərrikli "ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin – Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mirzəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını pozmaları müəyyən olunub.
Həmin ərazidə sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Şərhlər