İnsanlığın ən böyük hədəflərindən biri olan Marsa səyahət istiqamətində mühüm texnoloji addım atılıb. ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), "Psyche” kosmik aparatı ilə apardığı sınaqda Yer kürəsindən 350 milyon kilometr uzaqlıqdan lazer vasitəsilə uğurla məlumat ötürüb.
Qaynarinfo xəbər verir ki, bu nailiyyət gələcək Mars missiyaları üçün həyati əhəmiyyət daşıyır.
Hazırda kosmik aparatlarla əsasən radio dalğaları vasitəsilə ünsiyyət qurulur. Lakin böyük həcmli məlumatların ötürülməsi zamanı bu texnologiya sürət və imkan baxımından məhdudiyyət yaradır. NASA-nın "Dərin kosmik optik rabitə” (DSOC) texnologiyası isə veriləri işıq şüalarına kodlayaraq qat-qat yüksək sürət və güc təqdim edir.
2023-cü ildə kosmosa göndərilən və 2029-cu ildə metal baxımından zəngin "16 Psyche” asteroidini öyrənməsi planlaşdırılan aparat, uzun səyahəti ərzində yeni rabitə sisteminin test meydançası rolunu oynayır. Kaliforniyadakı "Jet Propulsion Laboratory” (JPL) tərəfindən idarə olunan sınaqda məlumatların bir neçə dəqiqəlik gecikmədən sonra problemsiz qəbul edildiyi və açıldığı təsdiqlənib.
2023-cü ilin dekabrında həyata keçirilən başqa bir sınaqda isə 31 milyon kilometr məsafədən lazer vasitəsilə ultra yüksək keyfiyyətli video Yerə ötürülmüşdü. Bu, gələcəkdə kosmosdan canlı yayımların və böyük həcmli elmi məlumatların anında Yerə çatdırılmasının mümkünlüyünü ortaya qoymuşdu.
NASA rəsmilərinə görə, DSOC sistemi evlərdə istifadə edilən genişzolaqlı internet sürətinə bərabər ötürmə qabiliyyəti təmin edir. Son sınaq lazer rabitəsinin yalnız orta Yer–Mars məsafəsindən deyil, ondan daha uzaq məsafələrdə də işlədiyini sübut edib. Bu isə gələcək Mars missiyaları üçün möhkəm rabitə infrastrukturunun əsasını qoyur.
Aydın
Şərhlər