Məqsəd Nur
Siyasət 10:49 31.01.2024

Natəvanın AŞ PAyı

1992-ci ilin aprel ayı idi. Şuşadan reportaj hazırlayırdım. Müsahibə aldığım mühüm şəxslərdən biri qəfil söhbəti kəsib Cıdır düzünə getməli olduğunu dedi. Axı nə baş verib?! Məcbur olub səbəbini söylədi. ATƏT gəlib! Vertolyotları da Cıdır düzünə qonub. Vaxt itirmədən oraya qaçmalıdır! Qaçdı da. Bəs jurnalistlər?! Olmaz! Gələnlər də elə oradaca - Cıdırda ayaqüstü müşavirə keçiriblər. Təxminən qırx beş dəqiqə sonra vertolyotun havaya qalxdığını gördüm. Şuşanın üzərində dövrə vurub Qərbə - İrəvana tərəf yönləndi. Mən də o mühüm şəxsdən əl çəkmədim. Nə danışdıqlarını öyrənmək istədim. Gördüm göz-başı yana qaçır. Məyusdur. Bərk danlanmış uşaq kimi peşiman görünürdü. Ondan söz çıxara bilmədim. (Sonra biz Şuşadan çıxmalı olduq). Amma dalağım sancdı. Bir neçə gün sonra, 1992-ci il aprelin 24-də hərbi birləşmələrimizin Xankəndi üzərinə hazırlanmış hücumu təxirə salındı. Bütün hazırlıqlar alt-üst oldu. Döyüşçülərimizin motivasiyası sıfırın altına endi. Sonrasını da bilisiniz... 

Özümdən soruşuram, axı Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Natəvanın Avropada nə işi vardı? Ki, onun 2017-ci ildə, Azərbaycanın İsmayıllı (!!!) və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilindəki "Azərbaycan parkı"nda, "Dostluq” bulağı (!!!) ətrafında yerləşdirilmiş heykəlinə qarşı nümayiş etdirilən kobud rəftar da bizi bu qədər hiddətləndirsin? Axı bu qadın özcə dədə-babasının yurdunda rusların əlindən nə gün görmüşdü ki, gedib orada da fransızların əlindən bir gün görsün? 

Tarix talehə yazılanda belə olur. Onsuz da bu bəxtsiz qadın dünyada bir gün görməmişdi. Əvvəlcə min cür fitnə-fəsadla ərə getməyə məcbur edildi, sonra Şuşada onu özünə arvad eləmək istəyən bəzi "Məclisi-üns"çülər ara-bərədə şayiələr gəzdirib gününü göy əskiyə bükdülər. Bütün bunlara baxmayaraq, Natəvan Şuşada Paris qurmaq istəyirdi. Axı o dünyaya gələndə tifaqı dağılmış, dədə-baba mülkünə qara məliklər, sarı kazklar doluşmuşdu. Bəlkə Düma ilə görüşündən, Tiflisdəki həyatından sonra görüb-götürdükləri onu beləcə, usanmadan çalışmağa vadar edirdi? Bəlkə də topdağıtmaz baba yurdunun dağılan daşlarını yerinə qoymaqla təskinlik tapırdı? İstənilən halda, sağlığında heç yerdə bir gün görmədiyi kimi, ölümündən sonra da bəxti ağarmadı. Nənəm demiş: "Taleh, bala, taleh". 

Natəvanı oxuyub öyrənəndən sonra başa düşdüm ki, niyə gözümü açıb ətrafımda gördüyüm bütün fədakar, ailəcanlı Azərbaycan qadınları bu qədər bir-birinə bənzəyirmiş. Elə indi də, həmin tip qadınlar nə doyunca gülə, nə ürəkdən sevinə bilirlər. Gözləri daim yol çəkir. Fikirləri evlərində, eşiklərində olsa da elə bil indicə kimsə bəd xəbər gətirəcək. Ya ərindən, ya qardaşından, ya da uzaqda olan oğlundan. Qovğadan usanmış Qadın. Hamısının da üzündə eyni kədər. Ürəkdən gülə bilməyən Qadın. 

Natəvanın heykəlinə münasibət Avropanın bizə ədəbi və əbədi münasibətini əks etdirir. Üstəlik, onlar bizi təxminən belə təsəvvür edir - heykəlin müəllifləri təsəvvür etdikləri kimi: boynu bükük. Əslində müəlliflər üç yüz  ildir qəddi bükülmüş Qadınmızın taleyini, nisgilini ifadə ediblər. Amma avropalını bizim heykəl maraqlandırmır. Onlara bizdən elə də çox şey lazım deyil. Neft, qaz, kürü, bəzən xal-xalça, ucuz işçi qüvvəsi və sair də olar. Başqa nə? Ağlıma gələn nə isə yoxdur. 

Əvvəllər özümüzü elə aparırdıq ki, guya ATƏT, onun həmsədrləri, AŞPA, onun assambleyası olmasa, üstümüzə günəş doğmayacaq. İndi bir az arındıq. Əlbəttə, bütün Avropa nə ATƏT, nə də AŞPA-dan ibarət deyil. Orada da Natəvan kimi işıqlı tarixi şəxsiyyətlər, parlaq, ədalətsevər ənənələr var. Bəs görəsən, niyə o ənənələrin daşıyıcılarından beşcə nəfəri çıxıb Natəvanın heykəlini müdafiə etmədi, səsini çıxarmadı? Bəlkə Natəvanı Avropaya daşıyanda heykəldən qabaq onun uğur hekayəsi Fransanı fəth etməli idi? "Düma ilə şahmat oynayırmış" kimi əfsanəsi yox, "Qarabağda Paris qurmaq istəyirmiş" kimi hekayəsi.

Bildiyim qədəri ilə 2040-cı il mədəniyyət strategiyası hazırlanır. Bakının baş plan ilə bərabər mədəniyyətimizin də baş planı olmalıdır. Bəs mədəniyyətimizi ixrac etməli olan kadrlar hazırlanırmı? Bilmirəm. Görəsən diplomatik korpusumuzda, diaspor təşkilatlarımızda, turizm sektorunda mədəniyyət, "yumşaq güc" layihələrinə cavabdeh olan funksionerlərimizin, menecerlərimizin ümumi hazırlığı indi necədir? Təxminən yeddi il əvvəl üzləşib müşahidə etdiyim vəziyyət belə idi: rusca, ingiliscə əla danışırlar, üst-başları tər-təmizdir, tanınmış ailələrdən çıxıblar, di gəl, ana dilində ikicə cümləni üzdən oxuya bilmirlər, Natəvanın Bakıdakı heykəlinin lokasiyasını da yaxşı bilirlər, amma nə şəxsiyyətindən, nə də irsindən xəbərdar deyillər. Biri isti kofe içə-içə israr edirdi ki, Natəvan Düma ilə şahmat oynayıb və hətta onu udub. İndi xəbərim yoxdur, görəsən onlar necədirlər? 

Hərdən düşünürəm, Natəvan müharibədən əvvəl və sonra sağ olsaydı, nə edərdi? Yəqin, köçüb Ağcabədidə yaşayardı. Həmidə Cavanşirin yurdunda. Başımıza gələnlərdən sonra da Şuşaya qayıdardı. Birdən Cıdır düzünə gələn ATƏT həmsdərləri, AŞPA nümayəndələri ilə görüşməli olsaydı? Yaxşıca süfrə açar, onları qonaqlayardı. Nökər-naibə də tapşırardı ki, AŞ PAylarını qoymağı unutmasınlar. Bax beləcə, qonaqpərvər, ürəyi yuxa bir nənə görərdim - lap öz nənəm kimi. Amma daim nigaran...  

Məqsəd Nur