Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar ASAN-ın Bakı mərkəzlərindən yararlana bilmirlər.
Bu barədə Qaynarinfo-ya şikayət daxil olub. Şikayətdə bildirilir ki, Naxçıvan qeydiyyatında olub, lakin işsizlik səbəbindən Bakıda müvəqqəti məskunlaşan vətəndaşlar şəxsiyyət vəsiqəsi və bir sıra sənədlərin alınmasında böyük çətinliklərlə üzləşirlər. Belə ki, vətəndaşlara göstərilən xidmətin daha da asanlaşdırılması məqsədilə yaradılan ASAN xidmət mərkəzləri həmin müraciətlərə baxmır və bunun üçün vətəndaşların Naxçıvana getməli olduqlarını bildirilir.
Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına gedib-gəlməyin çətinlikləri isə hər kəsə məlumdur.
Qeyd edək ki, ötən illərdə Səyyar ASAN xidməti ilə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi mümkün olsa da, həmin xidmət də artıq ləğv olunub.
2015-ci ildə ASAN Xidmətin keçmiş mətbuat katibi Anar Hüseynov (Hazırda Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır) verdiyi açıqlamasında tezliklə Naxçıvanda "ASAN xidmət"in açılacağını demişdi. Lakin bu müddətdən 3 il keçməsinə baxmayaraq nə Naxçıvanda ASAN Mərkəzi yaradılıb, nə də ki, vətəndaşların problemlərinin həlli üçün hansısa addım atılıb.
Adını açıqlamayan şəxs şikayətində həmçinin qeyd edir ki, Naxçıvan qeydiyyatında olanların məlumatları ASAN Xidmətin bazasına ona görə köçürülmür ki, vətəndaşların ödədiyi rüsumlar Naxçıvandan kənara çıxmasın.
Çingiz Səfərli
Şərhlər