Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir”

Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir”

"Əlliliyə səbəb olan xəstəliklə uzlaşmayan iş yerində işləyən şəxslər, yaxud əlilliklə uzlaşmayan təhsil müəssisələrində oxuyan vətəndaşlar aşkarlandıqda müvafiq addımlar atılır" .

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. S.Babayev qeyd edib ki, bu tədbirlər nəticəsində Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işçi qrupu tərəfindən cari ildə 2500 - dən artıq yanlış, saxta əlillik almış vətəndaş müəyyən edilib:

"Onlarla bağlı ciddi tədbir görülüb. Dövlət büdcəsinə illik qənaəti 13 milyondan artıq nəticə əldə edilib. Bu proses daimi olacaq və çıxan hər hansı bir yanlışla bağlı tədbir görüləcək".

Hazırda Azərbaycanda 620 min əlil olduğunu diqqətə çatdıran nazir deyib ki, hər il həm xronoloji, patoloji səbəblərdən, həm də qəzalardan, hadisələrdən irəli gələrək əlillik üçün müraciət edən şəxslər olub:

"Onlarla bağlı ciddi qiymətləndirilmə aparılıb. Bildiyiniz kimi, bu gün əlilliyin təyinatı iki mərhələdə aparılır. Öncə vətəndaş Səhiyyə Nazirliyinə müraciət edir. Orada əlillik təyin edildikdən sonra müvafiq elektron forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də tibbi ekspertiza və reablitasiya mərkəzinə təqdim edilir. Nazirliyin ekspertləri tərəfindən qiymətləndirmə aparılarkən vətəndaşla təmas olmur. Yəni işlər sırf elektron forma üzərindən aparılır. Amma qiymətləndirilmə aparıldıqdan sonra həm yeni, həm də köhnə təyin edilmiş əlilliklə bağlı mütəmadi elektron monitorinq aparılır. Bu proses daimi olacaq və çıxan hər hansı bir yanlışla bağlı tədbir görüləcək. Saxta əlillik meydana çıxdığı təqdirdə bu vətəndaşın ödənişi də kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür. Onun dövlətdən aldığı digər vəsaitlər varsa oradan tutulmalar aparılır. Yoxdursa, həmin vəsaitin onun tərəfindən bərpa olunmasına dair müvafiq tələblər irəli sürülür".

Nazir qeyd edib ki, saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir:

"Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əllilik dərəcəsi almaq istəyən insanlar, orta, yuxarı yaş kateqoriyasında olan şəxslər də var. Bunlar arasında çoxluq 18 yaşına çatmayanlar saxta əlillik dərəcəsi almağa cəhd edənlərdir ki, bu da daha çox oğlanların əsgərlikdən yayınması ilə bağlıdır. Qız uşağlarında isə subyektiv səbəblər var. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Ona görə də bu kim halların qarşısını almaq üçün monitorinqlərimiz davam edir. Əsasən risk kriteriyaları üzrə baxırıq. Orta və yuxarı yaşlı şəxslərdə əlilliyi olan yüksək pensiya alanlar çərçivəsində orda olan saxtakarlıqları daha tez aşkar edirik. Ümumilikdə monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Avtomatlaşmanın ən böyük önəmi də bunun üçün lazımdır. Bu baxımdan ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək".

XƏBƏRLƏR
BLOGLAR